MŞ sədri ÜMŞA-nın müharibə şəraitində jurnalist təhlükəsizliyi ilə bağlı müzakirəyə qatılıb (FOTO)

Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşovun da
qatıldığı Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının (ÜMŞA) illik
toplantı davam edir. Keniyanın paytaxtı Nayrobidə düzənlənmiş
tədbirin ikinci günündə iştirakçılar quruma üzv ölkələrdə, eləcə də
dünyanın bir sıra bölgələrində jurnalistiya təhdidlər barədə
müzakirə aparıblar.

MŞ sədri, assosiasiyanın prezidentinin birinci müavini Ə.Amaşov
bununla bağlı çıxışında Rusiya-Ukrayna müharibəsinin
işıqlandırılmasından söz açıb. O bildirib ki, müharibəni
işıqlandırarkən zərər görmüş media təmsilçilərinin sayı 100-ə
yaxınlaşmaqdadır. Onların sırasında hücuma məruz qalanlar da var,
yaralananlar da, həyatını itirənlər də. Mövcud statistika peşəni nə
qədər təhlükəli olduğunu bir daha sübuta yetirməkdədir.

Ə.Amaşov çıxışında eyni zamanda müharibənin işıqlandırılması
xüsusiyyətlərinə də toxunub. O deyib ki, burada da peşə tələbləri
bir çox hallarda siyasi maraq və mənafelərin qurbanına
çevrilməkdədir və belə bir tendensiyadan sığortalanmağın
mümkünsüzlüyü təəssüf doğurmaqdadır. Şura sədrinin bildirdiyinə
görə, hazırkı situasiyada jurnalistika dəyərlərinin
möhkəmləndirilməsinə, həmin dəyərlərdən irəli gələn fəaliyyət
dairəsinin tam müstəqil, sırf beynəlxalq hüququn normalarına, söz
azadlığı prinsiplərinə əsaslanmasını təbliğ etməyə, mövcud
istiqamətdə maarifləndirici tədbirlərin sayının, habelə
keyfiyyətinin artırılmasına ehtiyac var. Ümumdünya Mətbuat Şuraları
Assosiasiyasının da gələcək iş prioritetlərində bunları nəzərə
alması son dərəcə vacibdir.

Qeyd edək ki, Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik
toplantı öz işinə mayın 3-də başlayıb.

Teqlər: