Mövqelərimizdə heç bir dəyişiklik baş verməyib – Müdafiə Nazirliyi

Azərbaycan Respublikası Müdafiə Nazirliyi təəssüflə bildirir ki,
Rusiya Federasiyası Müdafiə Nazirliyinin 2022-ci il 27 mart tarixli
açıqlamasında əks olunan məqamlar həqiqətə uyğun deyildir.

Trend xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin yaydığı
açıqlamada bildirilir.

Qeyd olunur ki, Azərbaycan Ordusunun ölkəmizin suveren
ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf
yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib.

“Azərbaycan Ordusunun bölmələrinin həmin mövqelərdən geri
çəkilməsi haqqında məlumat həqiqəti əks etdirmir. Ordumuz əməliyyat
şəraitinə tam nəzarət edir.

Rusiya Federasiyası Müdafiə Nazirliyinin açıqlamasında atəşkəsin
guya Azərbaycan tərəfindən pozulması barədə verilmiş məlumat da
həqiqətə uyğun deyil və Azərbaycan hərbçiləri arasında yaralanma
halı qeydə alınmayıb.
Bir daha xatırlatmaq istərdik ki, Azərbaycan ərazisində “Dağlıq
Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur.
Rusiya Müdafiə nazirliyinin 26 və 27 mart tarixli açıqlamalarında
“Dağlıq Qarabağ” ifadəsinin işlədilməsi Azərbaycan Respublikasının
beynəlxalq birlik, o cümlədən Rusiya Federasiyası tərəfindən
tanınmış və qəbul edilmiş ərazi bütövlüyünə qarşı
hörmətsizlikdir.

Rusiya Federasiyası Müdafiə Nazirliyinə xatırlatmaq istərdik ki,
2022-ci il 22 fevral tarixində iki ölkə prezidentləri tərəfindən
imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin
birinci bəndində qeyd olunur ki, “Rusiya Federasiyası və Azərbaycan
Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti,
iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə
və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə
də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və
qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq
etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında
qururlar”.

Bundan əlavə, bəyannamənin 18-ci bəndinə əsasən, Rusiya
Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq,
ekstremizm və separatçılıq təhdidlərinə, qarşı mübarizədə və
onların neytrallaşdırılmasında səylərini birləşdirirlər.

Rusiya Federasiyası Müdafiə Nazirliyi bu açıqlaması ilə eyni
zamanda Rusiya Federasiyasının Prezidenti, Rusiya Silahlı
Qüvvələrinin Ali baş komandanı Vladimir Vladimiroviç Putin
tərəfindən də imzalanmış sözügedən bəyannaməyə də hörmətsizlik
nümayiş etdirir.

Müdafiə Nazirliyi bir daha bildirir ki, Azərbaycanın Xocalı
rayonunda “Furux” adlı kənd yoxdur. Qeyd edilən kəndin adı
FƏRRUXDUR. Ümid edirik ki, növbəti açıqlamalarda
kəndin adı düzgün formada göstəriləcəkdir”, – açıqlamada
vurğulanır.

Teqlər: