Moskvada Azərbaycan günləri çərçivəsində “Azərbaycan xalçaları: yeni baxış” sərgisi açılıb (FOTO)

Heydər Əliyev Fondunun dəstəyi ilə fevralın 22-dən Moskvada
Azərbaycan günləri başlayıb. Martın 1-dək davam edəcək silsilə
mədəniyyət tədbirləri Azərbaycan Respublikası və Rusiya
Federasiyası arasında diplomatik münasibətlərin yaradılmasının 30
illiyinə həsr olunub.

Bu çərçivədə fevralın 21-də Moskvadakı Xalq Təsərrüfatı
Nailiyyətləri Sərgisinin “Azərbaycan” pavilyonunda “Azərbaycan
xalçaları: yeni baxış” adlı sərgi açılıb.

AzerTimes xəbər verir
ki, “Azərxalça” Səhmdar Cəmiyyəti ilə birgə təşkil olunan sərgidə
“Qarabağ” qrupuna aid 14 xalça nümayiş etdirilir. Onlardan dördü
yeni orijinal formatda olan müasir kolleksiyadandır. Sərgilənən
eksklüziv xalçalar “Azərxalça”nın yaradıcı kollektivinin
Azərbaycanın Əməkdar rəssamı Rəşad Ələkbərovla iş birliyinin
məhsuludur.

“Azərxalça”nın İdarə Heyətinin sədri Emin Məmmədov bildirib ki,
sərgilənən xalçaların hamısı Qarabağ məktəbinə aiddir. Biz ənənəvi
klassik Qarabağ xalçalarına artıq yeni baxış nümayiş etdirir,
müasir, konseptual, XXI əsrin interyerinə uyğun xalçalar təqdim
edirik. Siz burada məhdud 44 sayda buraxılan xalçalarımızın
nümunələrini görürsünüz. Bu xalçalar Qarabağ məktəbinə aid
“Qasımuşağı” qrupu xalaçalarının əsasında rəssam Rəşad Ələkbərovun
dizaynı üzrə hazırlanıb. Kolleksiya rəmzi olaraq 44 sayda xalçadan
ibarətdir.

“Azərxalça”nın İdarə Heyətinin sədri əlavə edib ki,
ekspozisiyada, həmçinin “Qarabağ” qrupuna aid məşhur “Əjdahalı”
xalçalar da yer alıb. E.Məmmədov deyib: “Burada məşhur “Əjdahalı”
xalçalarımız müasir görünüşdə sərgilənir. Bizim əsas məqsədimizdən
biri də müasir Azərbaycan xalçalarını tanıtmaqdır. Azərbaycanda
bütün incəsənət növləri inkişaf edir. Niyə xalçamız da inkişaf
etməsin? İndi müxtəlif hərraclarda qədim Azərbaycan xalçaları
satılır, dünyanın ən tanınmış muzeylərində qədim xalçalarımız
nümayiş etdirilir. Biz istərdik ki, 50-100 il sonra həm qədim, həm
də indi toxunan xalçalarımız əntiq xalçalar kimi sərgilənsin,
hərraclara çıxarılsın”.

Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin
“Azərbaycan” pavilyonunda Heydər Əliyev Fondunun daha bir layihəsi
– dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Yeddi gözəl” poeması
əsasında “Dildən dilə” ədəbiyyat layihəsi təqdim edilir. Layihə
çərçivəsində Rusiyanın və Azərbaycanın tanınmış mədəniyyət və
incəsənət xadimlərinin ifasında dahi Azərbaycan şairi Nizami
Gəncəvinin “Yeddi gözəl” əsərindən parçalar təqdim edilib.

Teqlər: