2022-ci ilin 11 fevral tarixində Mingəçevir Dövlət
Universitetinin (MDU) Karyera və İnkişaf Mərkəzinin təşkilatçılığı
ilə Mingəçevir şəhər 13 nömrəli tam orta məktəbdə Respublika fənn
olimpiadalarının şəhər mərhələsinin qalibləri ilə görüş
keçirilib.
Məktəblilərlə görüşdə Mingəçevir şəhər Təhsil şöbəsi, MDU və
şəhərin bir sıra ümumtəhsil məktəblərinin rəhbər və əməkdaşları
iştirak ediblər.
Görüş iştirakçılarını salamlayan Mingəçevir şəhər Təhsil
şöbəsinin müdiri səlahiyyətlərinin icraçısı Zamiq Cəbiyev qalib
şagirdləri təbrik edib. Fənn olimpiadalarının əhəmiyyətindən
danışan Z.Cəbiyev şəhərin istedadlı məktəbliləri ilə görüşün
təşkilinə görə MDU-nun rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü
bildirib.
Qalibləri təbrik edən MDU-nun rektoru Şahin Bayramov məntiqi və
yaradıcı təfəkkürü ilə fərqlənən parlaq zəkalı gənclərlə görüşdən
məmnunluğunu bildirib. Elmə marağın artırılmasına və istedadlı
gənclərin aşkara çıxarılmasına xidmət edən fənn olimpiadalarının
önəmindən bəhs edən rektor respublika və beynəlxalq səviyyəli bilik
müsabiqələrində iştirakın gənclərin potensialının inkişafında mühüm
rol oynadığını vurğulayıb.
Hazırda MDU-nun modernləşdirilməsi istiqamətində görülən
işlərdən bəhs edən Ş.Bayramov universitet – orta məktəb
əməkdaşlığının vacibliyini qeyd edib. Universitetin potensialından
şagirdlərin faydalana bilməsi üçün birgə fəaliyyətlərə daim açıq
olduğunu deyən rektor gənclərə müvafiq tövsiyələrini bildirib və
onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra 13 nömrəli tam orta məktəbin direktoru Daşqın İbrahimov,
16 nömrəli tam orta məktəbin direktoru Sevinc Həsənova, 7 nömrəli
tam orta məktəbin direktoru Anar İsmayılov, MDU-nin Karyera və
İnkişaf Mərkəzinin direktoru Cəlil Bağırov fənn olimpiadalarının
təhsilin inkişafında rolundan danışıblar və qalib məktəblilərə
növbəti mərhələdə müvəffəqiyyət qazanmaları üçün öz tövsiyələrini
çatdırıblar.
Sonda fənn olimpiadalarına hazırlıq işinin təşkili ilə bağlı
müzakirələr aparılıb və iştirakçıların sualları
cavablandırılıb.
Qeyd edək ki, şəhər və ətraf rayonların inkişafına töhfə verməyi
əsas hədəflərindən biri kimi müəyyən edən MDU-da region gənclərinin
potensialının artırılması məqsədilə müxtəlif formatlı tədbirlərin
keçirilməsinə xüsusi önəm verilir.