Mingəçevir və Şəmkirin içməli su təchizatı yaxşılaşdırılır

Mingəçevir və Şəmkir şəhərlərində istehlakçıların keyfiyyətli içməli su ilə təmin edilməsi və onlara göstərilən kanalizasiya xidmətlərinin yaxşılaşdırılması xüsusi əhəmiyyət daşıyır.

AzerTimes-ın məlumatına görə, “Azərsu” ASC-nin şöbə rəisi Şöhrət Süleymanov bildirib ki, Mingəçevir şəhərində icra olunan layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Mingəçevir şəhərində 151 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Mingəçevir şəhərini içməli su ilə təmin etmək üçün məhsuldarlığı sutkada 55 min kubmetr olan müasir tipli qum süzgəcli təmizləyici qurğu və tutumu 10 min kubmetr olan su anbarı tikilib. Layihə çərçivəsində 344 km içməli su şəbəkəsinin inşası yekunlaşıb, 236 km kanalizasiya şəbəkəsinin isə 130 km-lik hissəsi inşa edilib.


Şəmkir şəhərində 47 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanmış layihə çərçivəsində isə ötən müddətdə su mənbələri yaradılıb, magistral su kəmərləri, anbarlar inşa olunub. Şəhərdə 251 km içməli su şəbəkəsinin tikintisi başa çatıb, 225 km tullantı su xətlərinin 175 km-lik hissəsi tikilib. Şəhərdə yaranan tullantı suları gələcəkdə tikiləcək, məhsuldarlığı sutkada 10 min kubmetr olan tullantı sutəmizləyici qurğuda təmizlənib kənarlaşdırılacaq.

Teqlər: