Mingəçevir Dövlət Universitetinin səkkiz əməkdaşı Türkiyədə təlim və təcrübə keçəcək (FOTO)

2022-ci ilin 6 may tarixində Mingəçevir Dövlət Universitetində
(MDU) qardaş Türkiyənin tərəfdaş ali təhsil müəssisələrindən olan
Qazi Universitetinə və İstanbul Gedik Universitetinə (İGÜN) təlim
və təcrübəyə göndərilən universitetin akademik və inzibati heyət
üzvləri ilə görüş keçirilib.

Görüşdə qardaş ölkənin nüfuzlu ali təhsil müəssisələrində təlim
və təcrübə ilə bağlı elan edilmiş müsabiqədən uğurla keçən
əməkdaşları təbrik edən rektor Şahin Bayramov beynəlxalq əməkdaşlıq
çərçivəsində MDU tarixində ilk dəfə reallaşdırılan bu təşəbbüsün
əhəmiyyətindən danışıb.

MDU-nun strateji hədəflərindən bəhs edən Ş.Bayramov akademik və
inzibati heyətin potensialının inkişafı, müasir dövrün tələblərinə
uyğun bilik və bacarıqlarının artırılması məqsədilə
reallaşdırılmağa başlanılan sözügedən təlim və təcrübənin yeni
dövrün universitetinə çevrilmək yolunda geniş imkanlar yaradacağını
vurğulayıb.

Əvvəlcə, sənaye ilə birgə fəaliyyət modelinə sahib yenilikçi
universitetlərdən olan İGÜN-də keçiriləcək bir həftəlik təlim və
təcrübədən gözləntilətini diqqətə çatdıran rektor çevik, qarşılıqlı
faydalı və məhsuldar universitet-sənaye işbirliyinin yaradılması və
inkişaf etdirilməsi sahəsində müvafiq təcrübələrin öyrənilməsini
başlıca vəzifə kimi qarşıya qoyub.

Daha sonra, qabaqcıl tərəfdaş ali təhsil müəssisələrindən olan
Qazi Universitetində bir aylıq təlim və təcrübə keçəcək digər
heyətə tövsiyələrini bildirən Ş.Bayramov universitet və kampus
idarəçiliyi, tədris, elm, xarici əlaqələr və beynəlxalq
proqramlarda iştirak, sənaye ilə işbirliyi, startap fəaliyyəti,
tələbələrlə iş, karyera planlaşdırılması və digər sahələrdə qardaş
ölkənin təcrübəsi ilə yaxından tanış olmağın vacibliyini diqqətə
çatdırıb.

Əməkdaşları yaradılan imkanlardan maksimum faydalanmağa çağıran
rektor yaxın günlərdə təlim və təcrübə məqsədilə Türkiyəyə yola
düşəcək universitet heyətinə uğurlar arzulayıb.

Son dövrdə universitetin modernləşməsi istiqamətində mühüm
dəyişikliklərin baş verdiyini qeyd edən görüş iştirakçıları
sözügedən təlim və təcrübəni MDU-nun həyatında növbəti uğurlu
yenilik kimi dəyərləndirib və göstərilən dəstəyə görə universitet
rəhbərliyinə təşəkkürlərini çatdırıblar.

Bildirilib ki, MDU əməkdaşlarının elmi, akademik və idarəetmə
potensialının gücləndirilməsi məqsədilə Türkiyəyə təlim və
təcrübəyə göndərilməsi qardaş ölkənin tərəfdaş universitetləri ilə
işbirliyi çərçivəsində həyata keçirilir. Təlim və təcrübədə iştirak
müsabiqə yolu ilə həyata keçirilir. Cari ilin yanvar ayında
keçirilmiş müsabiqənin nəticələrinə əsasən MDU-nun 3 əməkdaşı
İGÜN-də bir həftə, 5 əməkdaşı isə Qazi Universitetində bir ay
müddətində təlim və təcrübədə iştirak hüququ qazanıb. Əməkdaşlar
qardaş ölkənin sözügedən ali təhsil müəssisələrinin təcrübəsi ilə
yaxından tanış olmaqla, dərs və elmi-tədqiqat proseslərində iştirak
etməklə kadrların təkmilləşdirilməsi imkanlarından
faydalanacaqlar.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da bütün
istiqamətlər üzrə universitet fəaliyyətinin müasir tələblər
səviyyəsində təkmilləşdirilməsi məqsədilə qabaqcıl xarici ali
təhsil müəssisələrinin təcrübəsinin öyrənilməsinə xüsusi önəm
verilir. 2021-ci ildən etibarən MDU-nun Qazi Universiteti və İGÜN
ilə davam edən əməkdaşlıq əlaqələrində təcrübə mübadiləsi məqsədilə
müxtəlif formatlı birgə fəaliyyətlərin həyata keçirilməsi əsas
istiqamətlərdən biridir.

Teqlər: