Mayın 15-də rezidenturaya qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi mayın 15-də rezidenturaya qəbul
imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin
qiymətləndirilməsi imtahanı, birinci cəhd) imtahanını
keçirəcək.

Mərkəzdən Trend-ə verilən məlumata görə, imtahanda 1279 namizəd
iştirak edəcək.

Onlardan 1021 nəfər Azərbaycan, 258 nəfər isə rus bölməsi üzrə
imtahan verəcək. Ərizə verənlərin 564 nəfəri oğlan, 715 nəfəri isə
qızdır. 685 nəfər cari ilin, 965 nəfər əvvəlki illərin məzunudur. 6
nəfər xarici ölkə vətəndaşıdır.

İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahan saat
11:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək. İmtahanın
başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa
çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına
buraxılmır.

İmtahanda iştirak edən namizədlər DİM-in internet saytına daxil
olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap
etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin
yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan
prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları
qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

– şəxsiyyəti təsdiq edən sənədin əsli;

– “İmtahana buraxılış vərəqəsi”.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək
lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə
vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat
daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası,
lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək
qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları
gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin
səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane
olur.

İmtahanların keçirilməsi üçün ümumilikdə 6 imtahan binası, 14
imtahan rəhbəri, 6 ümumi imtahan rəhbəri, 109 nəzarətçi-müəllim, 13
buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi
ayrılıb.

Teqlər: