Mingəçevir Dövlət Universitetində Ümummilli Liderə həsr olunmuş müsabiqəyə yekun vurulub (FOTO)

2022-ci ilin 10 may tarixində Mingəçevir Dövlət Universitetində
(MDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu
ildönümünə həsr olunmuş inşa, şeir və rəsm müsabiqəsi yekun konsert
proqramı ilə sona çatıb.

Tədbirdə tələbə gəncləri salamlayan MDU-nun rektoru Şahin
Bayramov müasir Azərbaycan dövlətinin memarı, ulu öndər Heydər
Əliyevin zəngin irsinin öyrənilməsinə və təbliğinə universitetdə
xüsusi önəm verildiyini vurğulayıb. Bu istiqamətdə görülən işlərin
Vətənə, xalqa və dövlətə bağlı layiqli kadrların hazırlanmasına
mühüm töhfə verdiyini diqqətə çatdıran Ş.Bayramov MDU-nun tələbə
gənclərinin istər ölkə, istər region, istərsə də universitet
miqyasında keçirilən tədbirlərdə fəal iştirakından məmnunluğunu
bildirib və onlara uğurlar arzulayıb.

Sonra, müsabiqə iştirakçıları mükafatlandırılıb və xatirə
şəkilləri çəkilib. Tədbirdə ümummilli lider Heydər Əliyevin anadan
olmasının 99-cu ildönümü münasibətilə Təhsil Nazirliyi və Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə
keçirilən bədii yaradıcılıq müsabiqə-festivalına, eləcə də
universitetdə təşkil edilən inşa, şeir və rəsm müsabiqəsinə
qatılmış tələbələr universitetin fəxri fərmanı və təşəkkürnamələr
ilə təltif olunublar.

Konsert proqramı çərçivəsində tələbələrin təqdimatında Ümummilli
Liderə həsr olunan şeirlər və mahnılar səsləndirilib, milli və
xarici xalqların rəqsləri ifa edilib və rəsmlər nümayiş
etdirilib.

Tədbir universitetin tələbə və müəllim kollektivi üzvləri
tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, MDU-da Ulu Öndərə həsr olunan müxtəlif formatlı
tədbirlərin keçirilməsinə xüsusi önəm verilir, dahi şəxsiyyətin
zəngin irsinin araşdırılması və tələbə gənclər arasında təbliği
diqqət mərkəzində saxlanılır.

Teqlər: