ABŞ-ın dövlət katibi Prezident İlham Əliyevə zəng edib

Mayın 11-də Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi
Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə
zəng edib.

Trend xəbər verir ki, telefon danışığı əsnasında ABŞ dövlət
katibi Antoni Blinken ulu öndər Heydər Əliyevin anadan olmasının
99-cu ildönümü münasibətilə təbriklərini çatdırıb. O, həmçinin bu
yaxınlarda Birləşmiş Ştatların Dövlət Departamentinin və ABŞ-ın
Cənubi Qafqazın üç ölkəsində fəaliyyət göstərən səfirlərinin
Azərbaycana səfər etdiklərini və səfər zamanı səmərəli
müzakirələrin aparıldığını qeyd edib.

ABŞ Dövlət katibi Azərbaycan ilə Ermənistan arasında aparılan
danışıqları və bu xüsusda sülh sazişinin bağlanmasını
dəstəklədiyini vurğulayıb və bunun regionda davamlı sülhün təmin
olunmasına töhfə verəcəyinə ümidvar olduğunu ifadə edib.

Antoni Blinken, həmçinin ABŞ-ın Azərbaycanla Ermənistan arasında
sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat xətlərinin
açılması prosesinə dəstək verməyə hazır olduğunu vurğulayıb.

Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirib.

Prezident İlham Əliyev Azərbaycanın Ermənistan ilə münasibətləri
normallaşdırmaq məqsədilə təqdim etdiyi 5 prinsipin Ermənistan
tərəfindən qəbul edildiyini və Azərbaycanın bu prinsiplər əsasında
sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu bildirib.
Prezident İlham Əliyev, həmçinin Azərbaycanın delimitasiya və
demarkasiya prosesinin tezliklə başlanılması üçün milli
komissiyanın tərkibini müəyyən etdiyini diqqətə çatdırıb və
nəqliyyat-kommunikasiya xətlərinin açılmasının vacibliyini qeyd
edib.

Eyni zamanda, tərəflər Ermənistan ilə Azərbaycan arasında
humanitar gündəliyə aid məsələlərə də toxunublar.

Telefon danışığı zamanı enerji təhlükəsizliyi məsələləri də
müzakirə olunub.

Söhbət əsnasında ölkələrimiz arasında dialoqun artırılması
imkanlarına, Azərbaycanda demokratikləşmə prosesinə dair fikir
mübadiləsi aparılıb və ikitərəfli əlaqələrin inkişafında
hökumətlərarası komissiyanın rolu xüsusilə qeyd edilib.

Teqlər: