Mingəçevir Dövlət Universiteti Qobustanda innovasiya festivalında təmsil olunub (FOTO)

2022-ci ilin 29 aprel tarixində Aqrar İnnovasiya Mərkəzinin
təşkilatçılığı ilə Qobustan rayonunda keçirilən innovasiya
festivalında Mingəçevir Dövlət Universitetinin (MDU) bir qrup
əməkdaşı və “Texnofest – 2022” festivalında Aqrar texnologiyalar
müsabiqəsində təmsil olunacaq universitetin 3 komandası iştirak
edib.

Festivalda universitet heyəti aqrar sahəyə aid nümayiş etdirilən
bir sıra məhsul və innovativ texnologiyalarla, o cümlədən innovativ
suvarma metodları, müxtəlif təyinatlı çoxfunksiyalı dronlar,
zərərvericilərə qarşı yeni mübarizə vasitələri, günəş panelləri,
həmçinin yüksək qidalılıq və məhsuldarlıq göstəricilərinə malik yem
bitkiləri ilə tanış olublar. Bununla yanaşı, iştirakçılara
innovativ texnologiyaların iş prinsipi və onlardan istifadənin
üstünlükləri, ağıllı kənd təsərrüfatı sistemləri barədə məlumat
verilib.

Festivalda iştirakdan məmnunluğunu bildirən MDU-nun heyət
üzvləri tədbiri “Texnofest – 2022”-ə hazırlıq baxımından yüksək
dəyərləndiriblər və bütün təşkilatçılara təşəkkürlərini
bildiriblər.

Qeyd edək ki, qardaş Türkiyənin ən böyük aviasiya, kosmos və
texnologiya festivalı olan və bu il, ilk dəfə olaraq, Azərbaycanda
keçirilən “Texnofest”-də iştiraka MDU-da xüsusi önəm verilir. Cari
ilin 26-29 may tarixlərində baş tutacaq “Texnofest – 2022”
festivalında MDU-nu Aqrar texnologiyalar müsabiqəsi üzrə B
kateqoriyasında “Sevil” və “Agrinova” və C kateqoriyasında
“RKT_MDU” komandaları təmsil edəcəklər.

Teqlər: