“Milli-mənəvi və mədəni irsimizin təşəkkülündə Şuşa” mövzusunda respublika elmi konfransı keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində
fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ)
təşkilatçılığı 5 may 2022-ci il tarixdə “Milli-mənəvi və mədəni
irsimizin təşəkkülündə Şuşa” mövzusunda respublika elmi konfransı
keçirilib.

Konfransda Vətən müharibəsində şəhid olanların xatirəsi bir
dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət
Himni səsləndirilib.

Daha sonra DQİDK-nin sifarişi ilə çəkilmiş “Şuşa – mənəviyyat
incisi” filmi nümayiş olunub.

Dosent Anar Qafarovun moderatorluğu ilə baş tutan plenar iclasda
Aİİ rektoru Aqil Şirinov açılış nitqi ilə çıxış edib. Rektor
Aİİ-nin yeni inzibati binasında ilk tədbirin məhz Şuşa mövzusunda
konfransa həsr olunmasının önəminə diqqət çəkərək, məmnunluğunu
ifadə edib. Konfransın Ulu Öndərin anadan olmasının ildönümünə
təsadüf etdiyini və Heydər Əliyevin Şuşa ilə bağlı fəaliyyətini
diqqətə çatdıran rektor Vətən Müharibəsində şəhid olanları yad
edib, qazilərə Allahdan şəfa diləyib.

DQİDK-nin sədri Mübariz Qurbanlı çıxışına Vətən Müharibəsi
şəhidlərini yad etməklə başlayıb. Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin “Şuşa İli” ilə bağlı Sərəncamından
irəli gələrək təşkil olunan konfransın işini yüksək
qiymətləndirib.

M.Qurbanlı Ulu Öndər Heydər Əliyevin tarixboyu milli-mənəvi
dəyərlərimizin inkişafındakı rolu barədə danışaraq dahi şəxsiyyətin
yüksək xidmətlərini qeyd edib.

Həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın
hərbi təcavüzü nəticəsində öz ata-baba yurdlarından köçkün düşmüş
insanların doğma torpaqlarına qayıdışının təmin edilməsi üçün
işğaldan azad olunmuş ərazilərdə aparılan geniş quruculuq işlərinə,
Heydər Əliyev Fondunun xalqımıza məxsus mədəni-dini irsin yenidən
dirçəldilməsi istiqamətindəki fəaliyyətinə diqqət çəkib.

Şuşanın Azərbaycan tarixindəki müstəsna yerini vurğulayan Komitə
sədri işğaldan sonra dağıdılmış, viran olmuş şəhərin yenidənbərpası
ilə burada elm adamlarının, tarixi şəxsiyyətlərin yetişəcəyinə
ümidvar olduğunu bildirib. O, Aİİ tələbələrinin və əməkdaşlarının
milli-mənəvi dəyərlərin təbliği və təşviqi istiqamətində öz
sözlərini deyəcəklərinə əmin olduğunu vurğulayıb.

Aİİ-nin fəaliyyətinə toxunan sədr bu il ilk məzun buraxılışı
olacaq ali təhsil müəssisəsinə uğurlar arzulayıb.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Fuad
Nurullayev konfrans iştirakçılarını salamlayıb. O, Azərbaycanda
hökm sürən multikultural dəyərlərə, tolerantlığa diqqət çəkərək,
Aİİ-nin din təhsili sahəsində fəaliyyətini yüksək qiymətləndirib.
Şuşanın azad olunmasında şəhid olanları rəhmətlə anaraq, qazilərə
şəfa diləyib.

Millət vəkili Ceyhun Məmmədov Aİİ-nin yeni inzibati binasında
konfransın təşkilini yüksək qiymətləndirərək onun əhəmiyyətini
vurğulayıb. Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən
siyasəti nəticəsində azad olunan torpaqlarımızın tarixboyu hər
zaman öz alçaqlığı, qəddarlığı ilə seçilən erməni vandalları
tərəfindən necə talan olunduğunu vurğulayıb. C.Məmmədov Şuşanın
işğaldan azad olunduqdan sonra bərpası ilə bağlı məsələləri diqqətə
çatdırıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru
Rəvan Həsənov Şuşanın işğal dövründə talan edilməsi və abidələrin
dağıdılması məsələlərinə toxunub. İcraçı direktor Şuşanın bərpası
ilə bağlı fəaliyyət göstərən komissiyanın üzvü olduğunu və bütün
prosesin birbaşa Şuşa şəhərinin qorunmasına, yenidənqurulmasına,
öyrənilməsinə, inkişafına və təbliğinə yönəldiyini vurğulayıb.
R.Həsənov Mənəvi Dəyərlərin Təbliği Fondu və Mədəniyyət Nazirliyi
ilə birlikdə nəşr etdirdikləri ingilis və Azərbaycan dillərində
olan Şuşa haqqında kitabı Aİİ-yə hədiyyə edib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman
İsmayılov qeyd edib ki, uzun illər torpaqlarımızın işğalından
aldığımız sarsıntı ilə böyüdük. Bugünkü nəsil xoşbəxtdir ki,
Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan Zəfər Gününü
gördülər. M.İsmayılov hazırda Azərbaycanın işğaldan azad olunmuş
torpaqlarında Azan səsinin eşidildiyini qeyd edib.

İlahiyyat fakültəsinin məzunu, 44 günlük Vətən Müharibəsinin
şəhidi Vüqar Məmmədoun anası Əsmər Məmmədova oğlu haqqında
danışarkən qeyd edib ki, Vüqar Qarabağın azadlığı uğrunda canından
keçib, müharibənin 14-cü günü şəhid olub. Aprel döyüşlərində
iştirak edən Vüqar son arzusunu yerinə yetirərək kəşfiyyatçı kimi
döyüşlərə qoşulub. Şəhid anası qeyd edib ki, oğlunun ən böyük
arzusu Şuşanı azad görmək idi. Şükürlər olsun ki, onun bu arzusu
gerçəkləşdi.

Konfrans panellərlə davam edib.

Teqlər: