Polisə silahlı müqavimət göstərən narkokuryerə atəş açıldı – Əməliuyyat görüntüləri (FOTO/VİDEO)

Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə
İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları
tərəfindən keçirilən əməliyyat nəticəsində transmilli mütəşəkkil
cinayətkar qrupun üzvləri saxlanılıblar.

DİN-dən AzerTimes-a bildirilib ki, Baş İdarəyə qaçaqmalçılıq yolu
ilə ölkəyə gətirilmiş külli miqdarda narkotik vasitəni 2 nəfərin
satmaq məqsədi ilə əldə etdiyi barədə əməliyyat məlumatı daxil
olub. Həmin şəxslərin saxlanılması istiqamətində Baş İdarənin
əməkdaşları tərəfindən xüsusi əməliyyat tədbiri hazırlanaraq həyata
keçirilib. Onlardan biri əvvəllər də narkotiklərin qanunsuz
dövriyyyəsi ilə məşğul olduğu üçün məhkum edilmiş Vüqar Cəfərov
polisin keçirdiyi əməliyyat nəticəsində tutulub. Onun əlindəki
bağlamaya baxış zamanı ümumilikdə 32 kiloqram, o cümlədən 22
kiloqram marixuana, 4 kiloqram heroin, 6 kiloqram psixotrop maddə
metamfetamin və 1600 ədəd metadon həbi aşkar edilib. Vüqar
Cəfərovla narkotik vasitələrin qanunsuz dövriyyəsində əlbir olan
Rövşən Qasımov saxlanılan zaman polis əməkdaşlarına müqavimət
göstərərək idarə etdiyi “Opel” markalı avtomobillə qaçmağa cəhd
göstərsə də polislər buna imkan verməyib. Polisə tabe olmayan həmin
şəxs üzərində olan odlu silahla polis əməkdaşlarına atəş açaraq
onların həyat və sağlamlığına böyük təhlükə yaradıb. Polislər
xidməti silahdan havaya xəbərdarlıq atəşi açaraq Rövşən Qasımovdan
könüllü təslim olmasını tələb ediblər. Buna baxmayaraq həmin şəxs
müqaviməti davam etdirdiyindən və yenidən qaçmağa cəhd
göstərdiyindən o, xidməti silahdan açılan atəş nəticəsində
saxlanılıb. Rövşən Qasımova ilkin tibbi yardım edilib və o,
xəstəxanaya yerləşdirilib. Ondan 1 ədəd “Makarov” marakalı tapança,
patronlar, patron darağı, 500 qram metamfetamin, narkotik
vasitələrin satışı zamanı pul dövriyyəsində istifadə olunan plastik
kartlar və elektron tərəzi aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxslər qaçaqmalçılıq
yolu ilə Asiya ölkələrindən gətirilən narkotik vasitələri
Azərbaycan ərazisindən tranzit zona kimi istifadə edərək Avropaya
daşımağa çalışıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət
işi başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin
qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Teqlər: