Milli Məclisin sədri Sahibə Qafarova Ermənistan parlamentinin spikerinin iddialarına cavab verib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstan Respublikasının
Almatı şəhərində keçirilən MDB PA Şurasının iclasında Ermənistan
parlamentinin spikeri Alen Simonyanın iddialarına cavab verib.

Trend xəbər verir ki, Milli Məclisin sədrindən sonra çıxış edən
A.Simonyan guya Azərbaycanın atəşkəs rejimini pozması haqqında
iddialar irəli sürüb. Azərbaycan parlamentinin rəhbəri Sahibə
Qafarova isə yenidən söz azalaraq, bildirib ki, Ermənistan
spikerinin iddiaları həqiqətə uyğun deyil. Azərbaycan Müdafiə
Nazirliyi artıq bəyan edib ki, ölkəmizin suveren ərazisi olan
Qarabağda mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi
aparılır. Lakin buna baxmayaraq martın 26-sı səhər saatlarında
qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan
Ordusunun bölmələrinə qarşı təxribat törətməyə cəhd göstərib.
Dərhal görülən tədbirlər nəticəsində qeyri-qanuni erməni silahlı
dəstələrinin üzvləri geri çəkilməyə məcbur edilib.

Milli Məclisin sədri bir daha qeyd edib ki, Azərbaycan 2020-ci
il 10 noyabr tarixli üçtərəfli bəyanatına sadiqdir. Lakin həmin
bəyanatın 4-cü bəndinə uyğun olaraq, Ermənistan ordusunun
qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan
ərazilərindən tam olaraq çıxarılması indiyə qədər icra
edilməmişdir. Buna görə bəyanatın müddəalarını pozan Azərbaycan
deyil, məhz Ermənistandır.

Spiker həmçinin deyib ki, “Dağlıq Qarabağ” adlı inzibati ərazi
vahidi yoxdur.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan üçtərəfli
bəyanata uyğun olaraq bütün hərbi əsirləri Ermənistana təhvil
verib. 10 noyabr tarixli bəyanat imzaladıqdan sonra Azərbaycan
ərazisinə daxil olan erməni hərbi birləşmələrinin hərbi
qulluqçuları Cenevrə konvensiyasına uyğun olaraq hərbi əsir kimi
tanınmır.

Sahibə Qafarova bir daha bəyan edib ki, Azərbaycan Ermənistana
münasibətlərin normallaşması ilə bağlı 5 maddədən ibarət sənəd
göndərib və qarşı tərəfdən cavab gözləyir.

Teqlər: