Millət vəkilindən əmək hüquqlarına dair təkliflər (VİDEO)

Azərbaycan Respublikası vətəndaşlarının əmək hüquqlarının
qorunması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin
prioritetlərindən biridir. Son illər dövlət tərəfindən əmək
münasibətləri iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi,
qanuni mənafelərinin qorunması, əmək müqaviləsi üzrə öhdəliklərinin
icrasına hüquqi təminatın yaradılması istiqamətində sistemli və
məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlərin tərkib
hissəsi kimi əmək hüquqları sahəsində mövcud hüquqi bazanın
təkmilləşdirilməsi və bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik
layihəsi çox mütərəqqi xarakter daşıyır.” Mili Məclisin deputatı
Könül Nurullayeva MM-in plenar iclasında çıxışı zamanı belə deyib.
Bildirib ki, Əmək Məcəlləsində nəzərdə tutulan tərəflərin
iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam
verilməsinin əsasları siyahısında işçinin vəfat etməsi halı ilə
yanaşı, işəgötürənin vəfat etməsi, həmçinin həm işçinin, həm fiziki
şəxs olan işəgötürənin məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə
xəbərsiz itkin düşmüş və ya ölmüş elan edilməsinin
müəyyənləşdirilməsi çox doğru addımdır. K.Nurullayeva beynəlxalq
təcrübəni də xatərladıb: “Digər ölkələrin qanunvericilik
təcrübəsində də biz bu hallara rast gəlirik. Məsələn, Rusiya,
Qazaxıstan və digər MDB ölkələrinin qanunvericiliyində həm işçi,
həm də fiziki şəxs olan işəgötürənin vəfat etməsi, məhkəmənin
qanuni qüvvəyə minmiş qərarı ilə xəbərsiz itkin düşmüş və ya ölmüş
elan edilməsi özlüyündə əmək müqaviləsinin xitamı üçün əsas kimi
göstərilmişdir. Digər tərəfdən, Türkiyə Respublikasının əmək
qanunvericiliyində əmək müqavilələrinə işəgötürənin ölümü ilə xitam
verilməsinin mümkünlüyü qeyd olunmuşdur. Belə ki, əgər əmək
funksiyası işəgötürənin şəxsiyyəti ilə sıx bağlıdırsa, bu zaman
işəgötürənin ölümü ilə əmək müqaviləsinə xitam verilir. Digər halda
isə işəgötürənin ölümü əmək müqaviləsinin xitamı üçün əsas hesab
olunmur. Məsələn, yataq xəstəsinə qulluq edən şəxslə bağlanmış
müqavilə işəgötürənin şəxsiyyəti ilə sıx bağlı olduğundan bu zaman
işəgötürənin ölümü ilə əmək müqaviləsinə xitam verilməldir. Ancaq
sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin əmək
müqaviləsi bağladığı işçinin müqaviləsinə işəgötürənin ölümü ilə
xitam verilmir. Bu zaman hüquq və vəzifələr işəgötürənin vərəsəsinə
keçmiş hesab olunur və işçi əmək funksiyasını davam etdirmiş olur.
Bu baxımdan, təklif olunan layihədə müvafiq hallarda fiziki şəxs
olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək
qanunvericiliyinə nəzarət edən orqana müraciəti əsasında xitam
verilməsinin mümkünlüyü işçinin əmək hüququnun
məhdudlaşdırılmasının qarşısının alınmasında mühüm rol
oynayır”.

K.Nurullayeva hesab edir ki, əmək müqaviləsinə xitam verildiyi
tarixin işəgötürənin xəbərsiz itkin düşümüş və ya ölmüş elan
edilməsi halında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi tarix,
işəgötürən vəfat etməsi səbəbindən əmək müqaviləsinə xitam
verildiyi halda isə işəgötürənin vəfat etdiyi tarix kimi qeyd
olunması məsələyə daha da aydınlıq gətirərdi. Onun sözlərinə görə,
işçinin əmək qanunvericiliyinə əməl olunmasına nəzarət edən orqana
bununla bağlı müraciəti mexanizminin müəyyənləşdirilməsinə də
ehtiyac var: “Hesab edirəm ki, qeyd olunan dəyişiklik qəbul
olunduğu təqdirdə işəgötürənin vəfatı, xəbərsiz itkin düşmüş və ya
ölmüş elan edilmiş hallarda da işçinin Konstitusiyada təsbit
edilmiş şəxsin əmək qabiliyyəti əsasında sərbəst surətdə özünə
fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ real
şəkildə təmin olunacaq, bu sahədə məhkəmə mübahisələrinin
qarşısının alınmasına gətirib çıxaracaq.”

Teqlər: