Meyxanaçı kimi tanıdığımız Samirə kimdir ?

Bir çoxlarının meyxanaçı kimi tanıdığı Samirə adlı müğənninin həyatı və avtobioqrafiyası pərəstişkarlarına maraqlı olduğu üçün araşdırma apararaq, elə birinci mənbənin özündən məlumat ala bildik.

Samirə Yusifqızı özü haqqında təqdim etdiyi məlumatları sizə təqdim edirik:

Səlimova Samirə Yusif qızı 1966-ci il dekabr ayının 17-də Bakı şəhərində anadan olmuşdur. 1973-1981-ci illər Bakı şəhərinin 44 saylı orta məktəbində, 1981-1983-cü illər Sumqayıt Kimya Texnologiya Texnikumunda, 1990-1994-cı illərdə Asəf Zeynallı adına Musiqi Məktəbində muğam ixtisası üzrə təhsil almışdır. 1993-1994-cü illər Azərbaycan Dövlət Musiqi Konservatoriyasının müəllimi, Xalq artisti Firudin Mehdiyevdən vokal üzrə fərdi dərslər almışdır.

İlk dəfə 1975-ci ildə Azərbaycan Dövlət Televiziyasında “Qırmızı Qərənfil” Məktəblər Ansamblının konsertləridə solist olaraq iştirak etmişdir. 1983-1985-ci illər Xalq artisti, bəstəkar, tarzən Zamiq Əliyevin “Şəlalə” Xalq çalğı alətləri Ansamblında həm fortepianoçu, həm də solist kimi, Məmmədbağır Bağırzadə, Zöhrə Abdullayeva, Elçin Cəlilov və başqa tanınmış sənətkarlarla birlikdə fəaliyyət göstərmişdir.

İlk ifa etdiyi 1975-ci ildə “Tarla qızları” mahnısı olmuşdur.

1995-2005-ci illər Faiq Süleymanovun bədii rəhbərlik etdiyi “Xəzər” İnstrumental Ansamblının solisti olmuşdur. Bu müddət ərzində dünyanın bir çox ölkələrində qastrol səfərlərində olmuşdur.

2006-2012-ci illər özünün yaratdığı “Fərid” İnstrumental Ansamblı ilə fəal göstərmişdir. Ansamblla birlikdə çox televiziya verilişlərində çıxışları və konsertləri olmuşdur.

2009-cu ildə ANS TV-də keçirilən “Toylar kraliçası-1” müsabiqəsində iştirak edərək, müsabiqənin qalibi olmuşdur.

2000-ci ildə Azərbaycan SSR xalq artisti, bəstəkar Cahangir Cahangirov və İslam Səfərlinin müəllifi olduğu “Ağ şanı, qara şanı” mahnısı, 2001-ci ildə öz müəllifi olduğu “Divanəyəm” mahnısı, və 2002-ci ildə Xalq artisti bəstəkar Emin Sabitoğlunun “Çay” mahnısı müğənniyə populyarlıq qazandırmışdır. Daha sonraları meyxana janrında ANS TV-də keçirilən “De, Gəlsin!” tele-müsabiqəsində çıxışlar edərək xüsusi populyarlıq qazanmışdır. Habelə, meyxana ustadı Oktay Kamil ilə meyxana tərəfdaşlığı və deyişmələri müğənnniyə böyük uğurlar qazandırmışdır. Mərhum müğənni, Xalq artisti İlhamə Quliyevanın ilk dəfə ifa etdiyi, şairə və bəstəkar Xanım İsmayılqızının müəllifi olduğu “Sən nə biləsən” adlı əsərinə yeni nəfəs verərək, dinləyicilərin rəğbətini qazanmışdır.

1994-cü ildə professional solo karyerasına başlamışdır.

Xalq artisti Faiq Sücəddinov, Xanım İsmayılqızı və Əməkdar incəsənət xadimi Mobil Babayev kimi əvəzolunmaz bəstəkarla çalışmışdır.

Hal-hazırda solo ifaçılıqla fəaliyyətini davam etdirməkdədir.

Atası Səlimov Yusif Kamil oğlu ticarətçi olub.
Anası Səlimova Naina Şükür qızı keyfiyyət üzrə mütəxəssis olmuşdur.

Subaydır. 2 övladı – 1 qızı, 1 oğlu və 1 nəvəsi vardır.