“Meymun çiçəyi” xəstəliyinə qarşı təcili kütləvi peyvəndləməyə ehtiyac yoxdur – ÜST

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrika qitəsindən kənarda
yayılan “meymun çiçəyi” xəstəliyinin əhalinin təcili kütləvi
peyvəndlənməsini tələb edəcəyinə inanmır.

Trend xəbər verir ki, bu barədə “Reuters” agentliyi ÜST-nin
nümayəndəsi Riçard Pibodiyə istinadən məlumat yayıb.

“Biz əhalinin kütləvi peyvəndlənməsinə doğru irəlilədiyimiz
vəziyyətdə deyilik. Bu xəstəliklə mübarizə üçün dərhal istifadə
edilə biləcək peyvəndlərin və virusa qarşı dərmanların ehtiyyatı
məhduddur. Təhlükəsiz cinsi davranış, gigiyena qaydalarına riayət
etmə, tez-tez əlləri yuma virusun yayılmasını məhdudlaşdırmağa
kömək edəcək”, – deyə R.Pibodi bildirib.

Aprel və may aylarında bir sıra Qərbi Avropa ölkələrində yayılan “meymun çiçəyi” virusu digər qitələrdə də aşkarlanıb. Son zamanlar,
xüsusilə, Avstraliya, Belçika, Böyük Britaniya, Almaniya, İspaniya,
İtaliya, Kanada, Portuqaliya, ABŞ, Fransa, İsveçrə və İsveçdə
yoluxma halları qeydə alınıb.

Yalnız Böyük Britaniyada, mayın 23-nə olan məlumata görə,
yoluxanların sayı 56-ya çatıb.