Metronun “Cəfər Cabbarlı” stansiyasında yenidənqurma işlərinin üçüncü mərhələsi başlanıb

Metronun “Cəfər Cabbarlı” stansiyasının birinci yolunun yenidən
qurulmasının üçüncü mərhələsi başlanıb.

Bu barədə AzerTimes-a açıqlamasında Bakı Metropoliteninin Mətbuat
xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, bu
mərhələ çərçivəsində stansiya yolu və platformasında, vestibülündə
əsaslı təmir işləri aparılacaq və işlər bir neçə hissədə təşkil
olunacaq.

“Qarşıdakı müddətdə təmir ardıcıllığını təmin etmək məqsədilə “Cəfər Cabbarlı” stansiyasının birinci yolu və platformasının, o
cümlədən tunel geyimi və pilonların vəziyyəti qiymətləndirilərək
tədbirlərin həcmi və miqyası müəyyən olunub. Əsas vəzifələrdən biri
sərnişinlərin “Xətai-Cəfər Cabbarlı” mənzili boyunca hərəkətinin
məhdudlaşdırılmamasıdır. Bu səbəbdən stansiyanın ikinci yolu ilə “Cəfər Cabbarlı-Xətai” mənzili boyunca sərnişinlərin rahat
istifadəsini təmin etmək məqsədilə vestibüldə işlər təmir
prosesinin sonuncu hissəsində aparılacaq. Texnoloji proseslərin
ardıcıllığına uyğun olaraq, stansiyanın dəmiryolu infrastrukturunun
tamamlama işləri məhz həmin müddətdə yekunlaşdırılacaq.

2022-ci ilin yanvar ayında metropoliten tarixində ilk dəfə
istismarda olan tuneldə – “Cəfər Cabbarlı-Xətai” mənzilinin 500
metrlik hissəsində dəmir-beton bloklardan ibarət yeni yol
infrastrukturu qurularaq, 150 metrə yaxın uzunluğu olan stansiya və
dalan yolunda eyni işlərə başlanılmışdı. Bu xüsusda ağac
yarımşpallar sökülərək yol yatağı tamamilə dağıdılıb və dəmir-beton
bloklardan ibarət yol infrastrukturunun qurulması üçün hazırlanıb.
Sonra özül betonlama işi aparılaraq, yol yeni dəmiryolu
infrastrukturunun qurulması üçün hazır vəziyyətə gətirilib. Əsaslı
təmirin xüsusiyyətləri nəzərə alınaraq, buraya mal-materialların
daşınması, söküntü materiallarının isə təsərrüfat qatarları ilə
depo ərazisinə çıxarılması məqsədilə müvəqqəti yol infrastrukturu
qurulub”,-B. Məmmədov deyib. .

O qeyd edib ki, təmir və yenidənqurma tədbirləri çərçivəsində “Cəfər Cabbarlı” stansiyasının birinci yolunun infrastrukturu,
digər yolda olduğu kimi, tamamilə yenidən inşa olunacaq.

Təmir müddətində qatarların gözləmə zalı olan yolun
platformaaltı sahəsi də daxil olmaqla bütün infrastruktur
dağıdılaraq əsaslı təmir olunmasına başlanılıb. Hazırda yol
divarının döşəmə və divar üzlüyünün sökülməsi prosesi başa çatmaq
üzrədir. Tədbirlər çərçivəsində platformanın altındakı kabel
kollektoru müasir tələblərə uyğunlaşdırılacaq.
Stansiya yolu, platforma və pilonlar gücləndiriləcək. Axıntıların
istiqamətləndirilməsi üçün tavanda xüsusi membran təbəqə
quraşdırılacaq. Stansiya yolunun döşəməsi yenidən qurulacaq,
səthinə bitum vurulmaqla hidroizolyasiyası təmin olunacaq.

Yola bitişik platformanın, eləcə də “28 May” stansiyasına keçid
tunelinin döşəmə örtüyü yararlı olduğundan yalnız sıradan çıxmış
üzlük daşları yenilənəcək. Tavan və divarlar, eləcə də stansiya
yolunun həm də döşəmə üzlüklərinin vurulması ilə təmir işləri başa
çatdırılacaq.

Bu müddət ərzində stansiyanın bu hissəsindən “28 May”
stansiyasının ikinci çıxışı istiqamətində olan keçidin döşəməaltı
sahəsinin müvafiq qaydada təmiri də aparılacaq.
Sonuncu tədbirlər kimi vestibül və keçidlərdə tavan və döşəmə
divarları, eskalatorların maili tunel geyimi, həmçinin xidməti
otaqlarda əsaslı təmir tədbirləri yerinə yetiriləcək.
Hərəkətin təşkili və idarəetmə avadanlıqları, təhlükəsizlik
sistemləri və elektromexaniki avadanlıqlar müasir standartların
tələbləri səviyyəsində yenilənəcək.

Bu dövrdə stansiya yolunun dəmiryol infrastrukturunun qurulması
çərçivəsində stansiya və dalan yolunda konstruksiya qurulacaq,
dəmir-beton bloklar düzülərək, betonlanma işləri aparılacaq.
Tikinti norma və qaydalarına uyğun olaraq, beton quruduqdan sonra
yolun digər üstquruluş elementləri quraşdırılacaq. Metroloji və
diaqnostik ölçmələr və sınaq işləri aparılmaqla yol istismara hazır
vəziyyətə gətiriləcək.

Xüsusi vurğulayaq ki, “Cəfər Cabbarlı-Xətai” mənzili Bakı
metropoliteninin ən ağır hidrogeoloji şəraitinə malik olsa da,
burada məkik hərəkət də infrastruktura və tunellərin vəziyyətinə
təsir göstərib. Hazırda burada və “28 May” stansiyası ilə bir sıra
müştərək sahələrdə sağlamlaşdırma tədbirləri çərçivəsində
yenidənqurma, gücləndirmə, korroziyadan təmizlənmə və xüsusi boyaq
maddəsinin vurulması, axıntıların ləğv edilməsi, yararsız boltların
dəyişdirilməsi, abadlaşdırma və s. işlər davam etdirilir

Teqlər: