Messiyə Poladın formasını geyindirən axmaqlar…

Messiyə Poladın formasını geyindirən axmaqlar…

Elə gün yoxdur ki, sosial şəbəkələrdə “layk” uğrunda şərəf və vicdanını fərqli-fərqli formalarda satan insanlarsız ötüşsün. Bu adamlar çayxanada ən vətənpərvər, ən qeyrətli, ən həyalı insanlar kimi oturur, milli-mənəvi dəyərlər adı gələndə “mentalitet” damarları tutur. Halbuki bu “qaqaşlar” Messi adı gələndə nəsil-nicabətini ortaya qoymaqdan çəkinmirlər. Bu “adamlar” nəinki özlərinin, hətta ata-analarının da ömründən kəsib fanatlıq elədikləri adamlara paylamağa hazırdırlar. Ta fikirləşmirlər ki, bir torpaqdan, bir də ömürdən pay olmur; onların mənasız, tüfeyli, çayxanada keçən ömrü də heç Messiyə lazım deyil.

Mən şəxsən bir futbol azarkeşi kimi boş vaxtım olan kimi Messinin qollarını, ötürmələrini, hətta qaçırdığı qollardan ibarət videoları izləyir, bəzən oynadığı oyunlara canlı baxıram, qısacası, oyunundan həzz alıram və yüngül autizmli bu futbolçunun meydandan kənarda robotdan fərqsiz olduğunu da çox yaxşı bilirəm.
Ancaq azarkeşlik – xəstə təfəkkür, fanat olmaq ağılsızlıq, düşüncəsizlik deyil.

18 dekabrda Argentinanın 36 illik həsrətinə son qoyan bu “10 nömrə” bizdə az qala “ziyarətgah” və “ocağa” çevrilib. O qədər hadisə olub ki, “seyid” Messinin başını şəhid generalımız Polad Həşimovun şəklinə fotoşop edərək bundan “hayp” tutan adamlar da hamının yadından çıxıb.

Sosial şəbəkələrlə məhrəmiyyət, abır-həya, ar-namus kimi məfhumların aradan qalxdığını bu qədər açıq şəkildə görmək artıq təəccüblü gəlməsə də, qıraqda-bucaqda bir yerdə vətən, ata-ana, şəhid sevgisi və şəhidlərə hörmətlə bağlı bəzi dəyərlərin itmədiyinə inanırdıq ki, sağ olsunlar, dünən onu da itirdiyimizi bizə xatırlatdılar. Bu vandallıq təkcə Polad Həşimova qarşı yox, 3000 şəhidimizə, onların yarım qalmış xəyallarına, valideynlərinin göz yaşlarına, bayrağımızın qırmızısına qarşı edilmiş hörmətsizlikdir. Bu hörmətsizlik və təhqirə “yumorda sərhəd yoxdur” adı ilə haqq qazandırmağa çalışan qəbiləyə də buradan xatırladıram, yumorda da, ədəbiyatda da, incəsənətdə də sərhəd var: sizin üçün “sərhəd” anlayışı olmaya bilər, amma bizimçün məhz bu məsələdə sərhədlər Polad Həşimov və 3000 şəhidin uğrunda savaşıb həlak olduğu Vətən sərhədləridir.

Teqlər: