Mərkəzi Gömrük Hospitalının endokrinoloqu “Orucun insan orqanizminə faydaları” mövzusunda məlumat verib

Bütün dünya müsəlmanlarının sevdyi Ramazan ayı gəldi. 11 ayın
sultanı – Ramazan hammız üçün mənəvi kamilliyin nəfs üzərində
qələbəsi deməkdir. Ramazan ayı insanlara öz iradəsini, dözümünü
yoxlamaq imkanı verir, onları təmiz vicdanlı, insaflı olmağa
yönəldir və bütün bunlar orucla ifadə olunur. Bu ayda bütün
müsəlmanlar imkansızlara əl tutur, qocalara, yaşlılara yardım
edirlər.

İslamın təməl ibadətlərindən biri də orucdur. Onun insan
orqanizminə heç bir zərəri yoxdur. Əksinə, öd kisəsi, bağırsaqlar,
böyrəklər və qaraciyər orqanları üçün sağlamlıq baxımından çox
faydalıdır. Oruc bir il ərzində dayanmadan işləyən mədə ilə birgə
bütün həzm sisteminin və insan bədəninin dincəlməsinə kömək edir.
Bədəndə olan yağların yanmasını sürətləndirir, əmələ gəlmiş piy
hüceyrələrini hərəkətə gətirir. Zehni qabiliyyəti möhkəmləndirir.
Bədəni stress, aclıq kimi çətin şəraitə qarşı gücləndirir. Dərini
canlandırır və parlaqlıq verir, immun sistemini möhkəmləndirir.
Oruc tutmaq xərçəng və alsheymer xəstəliyinin qarşısını alır, ürəyi
qoruyur, 2-ci tip diabet riskini azaldır, hüceyrələri
yeniləyir.

Ramazan ayı oruc tutanlar üçün qidalanma və həyat tərzinin
dəyişdiyi bir aydır. Qidalanma saatları kəskin dəyişdiyinə görə
orqanizmdə bəzi dəyişikliklər yaranır. Orucluq zamanı iftar və
imsak yeməkləri mütləq yeyilməlidir. Səhər imsak vaxtı yemək
yemədən yalnız su içmək zərərdir. İmsakda yavaş sorulan, qan
şəkərini yavaş yüksəldən və qida dəyəri yüksək olan, tox saxlayan
yeməklərə üstünlük verilməlidir: süd, qatıq, pendir, yumurta,
kəpəkli çörək, xiyar, pomidordan hazırlanmış salat və meyvələr
yemək faydalıdır. İmsakdan ən azı yarım saat sonra yatmaq olar.

İftarda qan şəkəri çox aşağı düşdüyü üçün qısa zamanda çox
miqdarda qida qəbul etmək olmaz, boş mədəni anidən yükləməyin. Bu
səbədən iftar 2 hissəyə bölünərək edilir. İftarı 1-2 stəkan su və 1
ədəd quru xurma ilə açaraq yüngül bir kasa şorba və bir dilim
kəpəkli çörəklə başlamaq olar. 10-15 dəqiqədən sonra az yağlı ət
yeməyi, tərəvəz yeməyi və ya salatla davam edə bilərsiniz. İftardan
1-2 saat sonra açıq havada qısa məsafəli yürüş həzmə kömək
edəcək.

Mədə-bağırsaq xəstəlikləri, xüsusilə mədə xorası, qastriti
olanlara, ürəyin işemik xəstəliyindən, yüksək arterial təzyiqdən
əziyyət çəkənlərə, onkoloji xəstələrə, ağır şəkərli diabet
xəstələrinə, hamilə və süd verən qadınlara, oruc tutduğu təqdirdə
xəstəliyinin artacağından ehtiyat edənlərə, uzaq səfərə çıxanlara,
yaşlı şəxslərə, çox ağır iş şəraitində çalışanlara, yetkinlik
yaşına çatmayan uşaqlara oruc tutmaq məsləhət deyil.

Ramazan ayının başlanması münasibətilə hamınızı təbrik edirəm.
Allah tutduğunuz orucları, etdiyiniz duaları qəbul eləsin!

Teqlər: