Mərkəzi Gömrük Hospitalında ÜST nümayəndələri ilə görüş keçirilib

23 may 2022-ci il tarixində Mərkəzi Gömrük Hospitalında
Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri ilə görüş
keçirilib.

Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Dr. Radu Cojocaru və
ÜST mütəxəssis Dr.Cəvahir Süleymanova ilə görüşdə Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis
müavini t.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalı
rəisinin müavini Bəxtiyar Musayev, Mərkəzi Gömrük Hospitalının
Tibbi Laboratoriyanın həkim-mikrobioloqu Dr.Səbinə İbrahimova,
həkim-bakterioloq Ülkər Məmmədova, Tibbi Yardımın Keyfiyyətinə
Nəzarət Şöbəsinin rəisi Şəlalə Həsənova iştirak ediblər.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət
İdarəsinin rəis müavini t.f.d., dosent İsmayıl Əfəndiyev Mərkəzi
Gömrük Hospitalının 2020-ci il 11 iyun tarixindən pandemiya
xəstəxanası elan edildiyi dövrdə fəaliyyəti barədə ətraflı məlumat
verib. Mərkəzi Gömrük Hospitalı rəisinin müavini Dr.Bəxtiyar
Musayev bildirib ki, pandemiya dövründə Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsinin dəstəyi ilə Mərkəzi Gömrük Hospitalının
klinik şöbələri, laboratoriya və diaqnostika xidmətləri ən
innovativ tibbi avadanlıq və cihazlarla təmin edilmiş,
koronaviruslu xəstələrin müalicəsində ekstrakorporal membran
oksigenasiyası (EKMO) cihazı ilk dəfə məhz Mərkəzi Gömrük
Hospitalında uğurla istifadə edilmişdir.

Görüşdə təqdimatla çıxış edən Mərkəzi Gömrük Hospitalının
həkim-mikrobioloqu Dr.Səbinə İbrahimova Mərkəzi Gömrük Hospitalının
PZR laboratoriyasının pandemiya dövründəki fəaliyyətindən danışaraq
bildirib ki, Hospiatlın PZR laboratoriyası UBB-2, 2+
laboratoriyasının standartlarına tam cavab verir. Nümunələrin
toplanması, qablaşdırılması, daşınması və qəbulu ilə bağlı bütün
prosedurlar zəruri fərdi qoruyucu vasitələrdən istifadə etməklə
tibb işçiləri tərəfindən həyata keçirilir.

Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan ofisinin nümayəndəsi
Cəvahir Süleymanova ÜST-ün Mərkəzi Gömrük Hospitalı ilə
əməkdaşlığından, gələcəkdə bu təşkilatın özünüqiymətləndirmə və
özünümonitorinq proqramına qoşulma imkanlarından danışıb. Eyni
zamanda, görüşdə Sanitar-Karantin Xidmətinin, İnfeksiya Nəzarət
Komissiyasının fəaliyyətinin nəticələri, Mərkəzi Gömrük
Hospitalının Türkiyənin məşhur Florence Nightingale Xəstəxanalar
Qrupu ilə əməkdaşlığı yüksək qiymətləndirilib.

Teqlər: