Mərkəzi Bank və Veysəloğlu Şirkətlər Qrupu arasında görüş olub

İşgüzar görüşdə Mərkəzi Bankın rəhbərliyi və Veysəloğlu
Şirkətlər Qrupunun (VŞQ) nümayəndələri iştirak
ediblər.

“İnflyasiya və tədarük zənciri” mövzusuna həsr edilmiş görüş
eyni zamanda özəl sektor ilə dövlət qurumu arasındakı əməkdaşlığın
inkişaf etdirilməsinə də xidmət etmək məqsədi daşıyıb.

Görüş zamanı qlobal inflyasiya, həmçinin tədarük zənciri ilə
bağlı proseslərin qiymətlərə təsiri əsas müzakirə mövzularından
biri olub. Qeyd edilib ki, Mərkəzi Bankın əsas məqsədi qanunla
müəyyən edilmiş səlahiyyətləri daxilində qiymətlərin sabitliyinin
təmin edilməsidir.

“Veysəloğlu” nümayəndələri bildirib ki, 1300-dən çox mağaza ilə
gündəlik 650,000-dən çox müştəriyə xidmət göstərən Şirkətlər Qrupu
qlobal qiymət artımı fonunda dövlətimizin antiinflyasiya
tədbirlərinə dəstək olaraq, qiymət artımı ilə öz imkanları
daxilində mübarizə aparır.

Görüşdə, həmçinin indekslərin ölkə iqtisadiyyatına töhfəsi
barədə fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, marketlərində
qiymət dəyişikliklərini şəffaf şəkildə göstərmək məqsədilə ötən
ildən etibarən “Veysəloğlu Pərakəndə İndeksi” hesabatı hazırlanır
və hər ay ictimaiyyətlə paylaşılır.

Şirkətlər Qrupu həmçinin tədarük zəncirinin idarəedilməsi
istiqamətində də yeni layihələr həyata keçirir. Müştərilərinə
təqdim olunan məhsulların təzəliyinin qorunması məqsədilə
Veysəloğlu Şirkətlər Qrupu bu ilin sonuna qədər hazır olacaq dünya
standartlarına cavab verən təzə və dondurulmuş məhsullar üçün
logistika mərkəzinin yaradılmasına 25 milyon manat yatırım
edib.

Görüşdə ölkənin qida təhlükəsizliyinin təmin olunmasına töhfə və
dəyər vermək naminə əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin
zəruriliyi vurğulanıb.

Teqlər: