Mənzil satışı adı altında vətəndaşların pullarını ələ keçirən keçmiş MTK rəhbərləri həbs edildi

Mənzil satışı adı altında vətəndaşlara məxsus pul vəsaitlərini
ələ keçirmiş vəzifəli şəxslər barəsində həbs qətimkan tədbiri
seçilib.

Baş Prokurorluqdan AzerTimes-a verilən məlumata görə, “Sahil-S
İnşaat” Mənzil Tikinti Kooperativinin vəzifəli şəxslərinin qanunsuz
əməlləri ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı
Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinə daxil
olmuş çoxsaylı müraciətlər əsasında aparılmış araşdırma nəticəsində
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə
başlanmış cinayət işinin istintaqı aparılır.

Aparılmış istintaq-əməliyyat tədbirləri ilə “Sahil-S İnşaat”
MTK-nın sədri vəzifəsində işləmiş Alaverdiyev Taley Şamil oğlunun
“GG Company” MMC-nin direktoru Kərimov Pənah Sudeib oğlu ilə
qabaqcadan əlbir olaraq rəhbərlik etdiyi MTK tərəfindən inşa
olunmuş Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “A-B”
massivində yerləşən yüksək mərtəbəli yaşayış binasında mənzil almaq
üçün müraciət etmiş vətəndaşlara mənzillərin qanuni sahibləri
olduğu halda saxta müqavilə və maliyyə arayışları tərtib edib
vəzifə saxtakarlığına yol verərək çoxsaylı şəxslərin külli miqdarda
pul vəsaitlərini ələ keçirməsinə əsaslı şübhələr müəyyən
edilmişdir.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Taley
Alaverdiyev və Pənah Kərimova Cinayət Məcəlləsinin 178.3.2
(dələduzluq- külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2
(vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb
olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan
edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri
seçilmişdir.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Baş Prokurorluq bu qəbildən olan qanunazidd hallarla üzləşən
vətəndaşlara 961 nömrəli “Çağrı Mərkəzi” və “161-Qaynar xətt” əlaqə
mərkəzinə məlumat verilməsini tövsiyə edir.

Teqlər: