“Azercell Telekom” MMC “TEKNOFEST Azərbaycan” festivalının baş sponsoru olub

“Azercell Telekom” MMC “TEKNOFEST Azərbaycan” Aerokosmik və
Texnologiya Festivalının baş sponsoru oldu.

Daima qabaqcıl texnoloji trendləri və innovasiyaları dəstəkləyən
“Azercell”in baş sponsorluq etməsi ilə yanaşı, festival
çərçivəsində innovativ məhsulları da sərgilənəcək.

Məlumat üçün bildiririk ki, Türkiyə Teknoloji Takımı Vakfı (T3
Vakfı), Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyi və Türkiyə Respublikası Sənaye və Texnologiya
Nazirliyinin birgə təşkilatçılığı ilə bu ilin 26-29 may
tarixlərində Bakıda ilk dəfə olaraq “TEKNOFEST Azərbaycan”
Aerokosmik və Texnologiya Festivalı keçiriləcək. “Azercell”
sözügedən festivalda baş sponsor qismində iştirak etməklə
qeyri-neft sektorunun və bütövlükdə Azərbaycan iqtisadiyyatının
inkişafına dəstəyini davam etdirməkdədir.

Qeyd edək ki, “TEKNOFEST Azərbaycan” çərçivəsində 8 kateqoriya
üzrə texnologiya müsabiqələri, “Smart Qarabağ” Hakatonu, “Take Off
Baku” Startap Sammiti və “Rocket League” kiber idman üzrə Avropa
Çempionatı təşkil olunacaq.

Tədbirin sərgi hissəsində tərəfdaş qurumların məhsul və
həllərinin, eləcə də gənc texnoloqların hazırladıqları prototiplər
və STEM layihələrin nümayişi, açıq səma altında statik ərazidə isə
pilotsuz uçuş aparatları və vertolyotların sərgilənməsi nəzərdə
tutulur.

Festivalın əyləncə proqramına Azərbaycan Hərbi Hava
Qüvvələrinin, eləcə də Türkiyənin “Türk Ulduzları” və “Solo Türk”
aerobatika komandalarının nümunəvi pilotaj uçuşları, böyük səhnədə
incəsənət xadimlərinin çıxışları, şaquli külək tuneli, su
attraksionları, uçuş simulyatorları, robotlar və s. daxildir.