Məni edam etmək istəyirdilər, ölkədən çıxdım – Vəkil

Məni edam etmək istəyirdilər, ölkədən çıxdım – Vəkil

Təəssüflər olsun ki, İran hökuməti həmişə vəkilləri tənqidçilərin və etirazçıların mühakiməsinin qarşısında maneə olaraq görür, vəkillərə təzyiq etmək, onları susdurmaq üçün müxtəlif vasitələrdən istifadə edir. Bu səbəbdən insan haqları fəaliyyəti və müştərilərimin müdafiəsi ilə əlaqədar mən dəfələrlə Şərqi Azərbaycan vilayətinin Kəşfiyyat İdarəsinə dəvət almışam. Onlar məndən bu sahədə fəaliyyətimi dayandırmağımı istəyiblər.

Bu sözləri AzerTimes-a Azərbaycan İnsan Haqları Təşkilatının sədr müavini, tanınmış güneyli vəkil Sina Yusifi İran məhkəmələrinin onun barəsində çıxardığı qərarları şərh edərkən deyib.

O bildirib ki, ünvanına əssasız yerə ağır ittihamlar irəli sürülüb:

“Məhsa Əmininin ölümünə görə İranda son etirazların başlaması ilə Təbrizdə çox sayda insan həbs olundu. Aksiyada məhbusların hüquqlarını müdafiə edən bir neçə hüquqşünasdan biri olduğum üçün mənə müraciət edənlərin sayı çox idi. Mən İnsan Hüquqları Komissiyasının sədr müavini kimi bu məsələyə Komissiyanın birbaşa müdaxiləsinə ehtiyac gördüm. Vəkillər Kollegiyası və İnsan Hüquqları Komissiyasının koordinasiyası ilə təcili toplantı təşkil etdik. Həmin iclasda Təbriz şəhərində məhbusların sayının 1700 nəfərdən çox olduğu bildirilərək (oktyabrın 12-nə kimi), hüquqşünaslardan ibarət müdafiə komitəsinin yaradılması təklif olundu. Biz hüquqi xidmət göstərmək və onların qanuni hüquqlarını müdafiə etmək qərarına gəldik. 13 oktyabr 2022-ci il tarixində mən Tvitter səhifəmdə Müdafiə Komitəsinin yaradıldığını elan etdim. Həmçinin, Təbrizdə məhbusların sayını açıqladım. Amma oktyabrın 15-də səhər saatlarında Şərqi Azərbaycan əyalətinin Məhkəmə Kəşfiyyatının Mühafizəsi Təşkilatı tərəfindən həbs olundum. Mənə qarşı “qanunsuz qruplaşma yaratmaq”, “dövlət əleyhinə təbliğat” və “ictimaiyyəti narahat etmək üçün saxta məlumatlar dərc etmək” kimi ittihamlar irəli sürüldü. Heç bir order göstərmədən mobil telefonum müsadirə edildi, evimizdə və hüquq büromda axtarış apardılar. Müştərimin bəzi sənədlərini noutbukumla birlikdə götürdülər. Həmin günü axşam saatlarına kimi gərgin sorğu-sual edildim”.

Vəkil həbsxanada olduğu müddətdə onunla birgə digər məhbuslara qarşı qeyri-insani davranışlardan da söz açıb:

“Girov pulunu göndərməyə hazır olduğumu səlahiyyətli orqanlara bildirsəm də, məni Təbriz mərkəzi həbsxanasına göndərdilər və tamamilə qanunsuz olaraq həbs olundum. Həbsxanada Qasım Boedi və Əmir Mehdipur adlı digər iki həmkarım və qətl törətməkdə təqsirli bilinən bir şəxslə birlikdə təkadamlıq kamera sayıla biləcək qapalı bir mühitdə qaldıq. Təcridxana məsulları məlumat verdilər ki, bizə danışmaq və görüşmək qadağandır, həbsxanada başqa şəxslərlə əlaqə saxlamaq hüququmuz yoxdur və hətta ailəmizə belə heç bir halda vəziyyətimizlə bağlı məlumat verə bilmərik. Həbsdə olduğumuz müddətdə müxtəlif yollarla mənəvi və fiziki təzyiqlərə məruz qaldıq, həbsxana rəhbərliyi Məhkəmə Kəşfiyyatının Mühafizəsi Təşkilatının və həbsxananın Mühafizəsi Təşkilatının əmri ilə imkanlarımız məhdudlaşdırıldı. Hətta soyuqdan qorunmaq üçün bizə istilik avadanlığı belə vermədilər. Bu, həmkarlarımızdan birinin xəstəliyinə səbəb oldu. Nəhayət, oktyabrın 27-də işimizə məhkəmədə baxılması üçün məni və cənab Əmir Mehdipuru müvəqqəti olaraq zaminə buraxdılar”.

O, müxtəlif şöbələrdə barəsində açılan işlərdən danışıb:

“Təbriz həbsxanasından müvəqqəti azadlığa çıxandan sonra anladım ki, eyni vaxtda mənə qarşı müxtəlif şöbələrdə üç ayrı iş qaldırılıb. “Ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə rejim əleyhinə təbliğat aparmaq” ittihamı ilə prokurorluğun 7-ci şöbəsi ittiham aktı çıxarıb və iş Təbriz İnqilab Məhkəməsinin 1-ci şöbəsinə göndərilib. Noyabrın 29-da müvafiq şöbə iclas keçirdi və mən vəkil seçiminə icazə verilmədən iclasda iştirak etdim. İlkin baxış iclasında mənə 6 ay həbs, 2 il səfər qadağası qoyuldu. Ədliyyənin Təhlükəsizlik və Kəşfiyyatı Mühafizə Təşkilatının səlahiyyətliləri məni 6 ay həbs cəzasına məhkum etdikdən sonra Təbriz Baş İnqilab Prokurorluğunun 15-ci şöbəsində “Müdafiə Komitəsinin qeyri-qanuni qrupunu yaratmaq” ittihamı ilə daha bir iş qaldırdılar”.

Sina Yusifi bildirib ki, məqsəd ona ölüm hökmü qərarının çıxarılması olub:

“İslam Cinayət Məcəlləsinin 498-ci maddəsinə əsasən, 10 ilə yaxın həbs cəzası və ”mohareb” (Allaha qarşı müharibə aparmaq) olmaqda ittiham oluna bilərdim. İranda təhlükəsizlik və məhkəmə orqanlarının ölüm hökmü çıxararaq və icra etməklə vəziyyəti nəzarətdə saxlamağa çalışdığı indiki vəziyyətdə mənim ölüm hökmüm gözlənilən idi”.

Vəkil ölüm hökmü cəzasından qurtulmaq üçün ölkəni tərk etmək məcburiyyətində qaldığını bildirib:

“2022-ci il dekabrın 12-də və hökmün icrasına qədər həyat yoldaşım, iki yaşlı uşağımla birlikdə İranı tərk etdim. Əvvəl bir müddət Türkiyədə yaşadım. Bir həftəyə yaxındır Almaniyaya köçmüşəm”.

Teqlər: