Bakıda vətəndaşlara 213 min manat dələduzluq edən şəxs həbs edildi

Özünü təmir-tikinti firmasının rəhbəri kimi təqdim edərək
vətəndaşları dələduzluq yolu ilə aldadan və onların 213 min
manatdan artıq pulunu ələ keçirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata
keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində vətəndaşların
etibarından sui-istifadə edərək dələduzluq yolu ilə onları aldadan
Vüsal Bağırov saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs özünü
təmir-tikinti firmasının rəhbəri kimi təqdim edərək müxtəlif
vaxtlarda 5 nəfəri onların mənzilini təmir edəcəyi adı ilə aldadıb
zərərçəkənlərin pullarını ələ keçirib. Bu müddət ərzində Vüsal
Bağırov həmin şəxslərdən ümumilikdə 213 min manatdan artıq pul
alıb. Buna baxmayaraq o, vəd etdiyi kimi mənzillərdə təmir və
tikinti işləri həyata keçirməyib.

Faktlarla bağlı Vüsal Bağırov barəsində Binəqədi Rayon Polis
İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 178.2.2
(dələduzluq, təkrar törədildikdə) və 178.2.4 (xeyli miqdarda ziyan
vurmaqla törədildikdə) maddəsi ilə Cinayət İşi başlanılıb. Vüsal
Bağırov saxlanılaraq istintaqa təqdim edilib. Saxlanılan şəxsin
digər şəxslərə qarşı analoji cinayətlər törətməsi istisna edilmir.
Vüsal Bağırovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar
varsa Daxili İşlər Nazirliyinə, Binəqədi Rayon Polis İdarəsinə, “102” Xidməti-Zəng Mərkəzinə, ərazi polis orqanlarına və ya
Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə
bilərlər.

Teqlər: