May ayı hava şəraiti ilə əlaqədar çoxtəzadlılığı ilə seçilib – Umayra Tağıyeva

Təqvim ili üzrə yay fəslinə bir həftə qalmış yaşıllıq fonunda
xüsusi kontrast yaradan dağlıq ərazilərin ağ qarlı yamacları göz
oxşayır. Ümumiyyətlə, bu ilin may ayı hava şəraiti ilə əlaqədar
çoxtəzadlılığı ilə seçilib. Belə ki, ötən illərlə müqayisədə bu ay
daha çox dəyişkən keçir, yerləşdiyimiz coğrafi mövqeyə xarakterik
olmayan hava şəraiti qeydə alınır. Siklonların növbəli şəkildə
ərazimizə müdaxiləsi nəticəsində təzyiq və temperatur kontrasları
yaranıb.

Bunu AzerTimes-a Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra
Tağıyeva bildirib.

“May ayının keçən günlərinin havasının təhlili göstərir ki, 11
gün ərzində havanın temperaturu iqlim normasından 3 dərəcəyədək
aşağı olub. Yağıntılı günlərin nisbətən çox olması keçən ilin
müvafiq dövrü ilə müqayisədə çaylarda daha yüksək sululuğa səbəb
olub. Bəzi yerlərdə düşən yağıntının miqdarı, məsələn Bakıda 29
faiz, Qubada 132 faiz, Şəkidə 57 faiz, Şamaxı və Lerikdə 72 faiz,
Balakəndə 80 faiz, Kürdəmirdə 39 faiz iqlim normasından çox qeydə
alınıb. Dağətəyi rayonlarda dolu düşüb, dağlıq rayonlarda 8 gün
ərzində qar yağıb. Qar örtüyünün hündürlüyü Şahdağda 18 sm, Qrızda
15 sm, Xınalıqda 14 sm olub”, – o deyib

U.Tağıyeva qeyd edib ki, küləkli günlərin sayına görə birincilik
həmişə Abşeron yarımadasında olub. Lakin, son zamanlar, sanki bu
“xüsusiyyət” regionlara da keçib. Belə ki, ölkə ərazisinin bəzi
yerlərində may ayının 24 günündən 17-si küləkli olub. Küləyin
maksimal sürəti isə mayın 7-də 35 m/s-ə çatıb.

“Nisbətən sərin keçən may ayı sanki qlobal istiləşmə mənzərəsinə
uyğunlaşmır. Lakin, bu aldadıcıdır. Məhz fəsilə uyğun olmayan
atmosfer proseslərinin, əlverişsiz hava hadisələrinin bütün dünya
üzrə daha tez-tez müşahidə edilməsi həmin iqlim dəyişmələri
anlayışının təzahürüdür. Lakin təbiətdə hava qədər dəyişkən
müqayisə olunası heçnə yoxdur. Belə ki, bu həftənin ikinci
yarısında hava sabitləşməyə doğru dəyişəcək. Bu da özünü həm
küləyin mülayimləşməsində, həm də temperaturun tədricən
yüksəlməsində və əsasən yağmursuz keçməsində göstərəcək”, – o qeyd
edib.

Teqlər: