Masallıda əkin sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılır (FOTO)

Masallıda əkin sahələrinin suvarma suyu ilə təminatı
yaxşılaşdırılır

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AzerTimes-a bildirib ki,
kənd təsərrüfatı bitkilərinin inkişafı suvarmadan asılıdır. Düzgün
suvarılma məhsuldarlığı dəfələrlə artırdığından Azərbaycanda bu
sahə xüsusilə diqqətdədir. Əsas əkinçilik sahələri çəltik, tərəvəz
və bostançılıq olan Masallıda suvarma imkanlarının
yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.

Masallı rayonunda Viləşçay və Babaser su anbarı, 37 kiçik
sututarı və subartezian quyuları vasitəsilə suvarma suyunun
verilməsi təmin olunur. Leysan xarakterli yağışlar nəticəsində
rayon ərazisindəki bu su mənbələrində kifayət qədər su yığımına
nail olunub. Hazırda Masallıda 9890 hektar əkin suvarma sahəsi
10110 hektara qədər artırılıb. Viləşçay su anbarı istismarı idarəsi
tərəfindən rayonda suvarma mövsümünə hazırlıq işləri aparılır və
tamamlanmaq üzrədir. Hidrotexniki qurğularda təmir işləri gedir.
Sağ sahil magistral beton kanalı təmir edilir, sol sahil torpaq
kanalında isə qazıntı, lildən təmizlənmə işləri aparılır.

Teqlər: