Lotereyaların təşkilində qanuna əməl edilməlidir – Nazirlikdən xəbərdarlıq

“Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında”
Azərbaycan Respublikasının qanunlarına əsasən, lotereya və idman
mərc oyunlarının təşkili və keçirilməsinə nəzarət İqtisadiyyat
Nazirliyi tərəfindən həyata keçirilir.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, “Lotereyalar haqqında” Qanunun tələblərinə görə,
Azərbaycanda lotereyalar (stimullaşdırıcı lotereyalar istisna
olmaqla) yalnız “Azərlotereya” ASC tərəfindən təşkil edilir. Qeyd
edək ki, stimullaşdırıcı lotereya malın (işin, xidmətin) satışını
stimullaşdırmaq məqsədilə keçirilən lotereya formasıdır və iştirak
etmək üçün lotereya obyektinin qiymətindən əlavə haqqın alınmasına
yol verilmir. Stimullaşdırıcı lotereyanı keçirmək hüququ əldə etmək
üçün müvafiq sənədlər lotereyanın keçirilməsinə azı 20 iş günü
qalmış İqtisadiyyat Nazirliyinə təqdim olunmalıdır.

İdman mərc oyunları isə “Bədən tərbiyəsi və idman haqqında”
Qanuna uyğun olaraq, “Azərlotereya” ASC və “Caspiantech” QSC
(“TOPAZ” ticarət nişanı ilə) tərəfindən həyata keçirilir.

Qanunvericiliyə görə, keçirilməsi qadağan olunmuş və ya
keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və
qeydiyyata alınmamış digər lotereyaların, eləcə də dayandırılmış,
ləğv edilmiş və ya keçirilməsi qadağan olunmuş idman mərc
oyunlarının reklamına yol verilmir.

Lotereya və idman mərc oyunlarının reklamına dair tələblər
“Reklam haqqında” Qanunla tənzimlənir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, pul
vəsaitləri, maddi və sair nemət (uduş) barəsində oynanılan və uduşu
qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyunlar (o cümlədən
mərclər) “qumar oyunu” hesab edilir. Azərbaycan ərazisindən qumar
oyunlarında iştirak üçün imkanın yaradılması, qumar oyunlarının
təşkili və keçirilməsi ilə bağlı pul vəsaitlərinin, əşyaların və
qeyri-maddi əmlak nemətlərinin qəbulu, köçürmələrin aparılması,
uduşların verilməsi, biletlərin satışı, iştirakla bağlı müvafiq
əməliyyatları aparan şəxslərə İnzibati Xətalar Məcəlləsində
cərimələr nəzərdə tutulur.

Bildiririk ki, yuxarıda qeyd edilən normativ hüquqi aktların
tələblərini pozan şəxslər qanunvericiliyə uyğun olaraq məsuliyyət
daşıyırlar.

Teqlər: