Los Ancelesdə Azərbaycanın Müstəqillik Günü qeyd olunub (FOTO)

Azərbaycanın Müstəqillik Günü və Azərbaycan-ABŞ diplomatik
münasibətlərinin qurulmasının 30 illiyi Los Ancelesdə təntənəli
şəkildə qeyd olunub.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan AzerTimes-a verilən məlumata görə, Baş
Konsulluq tərəfindən keçirilən tədbirdə ABŞ siyasi xadimləri,
Dövlət Departamentinin və Los Anceles Vilayətinin rəsmiləri,
müxtəlif xarici ölkələrin baş konsulları, tanınmış elm və
mədəniyyət xadimləri, jurnalistlər, Azərbaycan icmasının üzvləri,
həmçinin dost türk, yəhudi, Pakistan, Koreya, latino, İran və digər
icmaların rəhbərləri iştirak ediblər.

Azərbaycan və ABŞ himnlərinin ifasından sonra çıxış edən
Azərbaycanın baş konsulu, Los Anceles Konsulluq Korpusunun duayeni
(sədri) Nəsimi Ağayev, Azərbaycan tarixində olduqca əlamətdar
hadisə olan ilk respublikamızın yaranması və bu respublikanın
nailiyyətləri haqda məlumat verib. O, 1991-ci ildə öz
müstəqilliyini bərpa etmiş Azərbaycanın nəhəng çətinliklərlə
üzləşdiyini, ancaq 1993-cü ildə hakimiyyətə qayıdan Ulu Öndər
Heydər Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasət
nəticəsində ölkəmizin böyük bəlalardan qurtulduğunu, Azərbaycanın
inkişafının möhkəm təməllərinin qoyulduğunu diqqətə çatdırıb.

Bu gün Azərbaycanın dünyanın ən sürətlə çağdaşlaşan
dövlətlərindən birinə çevrildiyini qeyd edən baş konsul, Ali Baş
Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər
Azərbaycan Ordusu tərəfindən 2020-ci ildə torpaqlarımızın işğaldan
azad edildiyini, tarixi ədalətin bərpa olunduğunu və bu gün həmin
ərazilərdə ağıllı və yaşıl texnologiyalara əsaslanan bərpa və
quruculuq işlərinin aparıldığını vurğulayıb. Baş konsul
Azərbaycanın regional sülhə hazır olduğunu və bunun üçün vacib
addımlar atdığını bildirib. Azərbaycan-ABŞ münasibətlərinin son 30
ildə inkişaf etdiyini qeyd edən diplomat, bir çox strateji
sahələrdə ölkələrimiz arasında sıx tərəfdaşlıq münasibətlərinin
yarandığını və bu münasibətlərin ortaq dəyərlərə və maraqlara
söykəndiyini diqqətə çatdırıb.

Sonra çıxış edən ABŞ Dövlət Departamentinin Xarici Missiyalarla
İş üzrə Los Anceles Ofisinin regional direktoru Qreçen Franke
(Gretchen Franke), ABŞ adından bütün azərbaycanlıları Müstəqillik
Günü münasibətilə təbrik edib. Q.Franke son 30 ildə Azərbaycan ilə
ABŞ-ın sıx tərəfdaşlara çevrildiyini bildirib. O, ölkələrimizin
birgə çalışaraq, Avropada enerji təhlükəsizliyini və sabitliyi
təşviq etdiyini, transmilli təhdidlərə qarşı mübarizə apardığını və
iki ölkə arasında ticarət və investisiyaların artdığını söyləyib.
ABŞ diplomatı qeyd edib ki, beynəlxalq qeyri-müəyyənliklərin çox
olduğu indiki dövrdə enerji mənbələrinin diversifikasiyası və
beynəlxalq təhlükəsizliyin təmin edilməsi sahəsində ABŞ və
Azərbaycanın 30 illik əməkdaşlığı ikitərəfli münasibətlərimizin
belə bir tarixi məqamda necə bəhrə verdiyini göstərir.

Sonra çıxış edən Yuta Senatoru Cin Deyvis (Gene Davis)
Azərbaycanın ABŞ üçün önəmli strateji tərəfdaş olduğunu və son
illərdə ABŞ-ın Yuta ştatı ilə güclü münasibətlərin yaradıldığını
qeyd edərək, Yuta Ştat Senatı və Nümayəndələr Palatasının
Azərbaycanın Müstəqillik Günü ilə bağlı qəbul etdiyi bəyannaməni
baş konsul N.Ağayevə təqdim edib.

Daha sonra çıxış edən Los Anceles Vilayətinin Protokol
Xidmətinin rəhbəri Lurdes Saab (Lourdes Saab) Azərbaycan xalqını və
Azərbaycan icmasını bu gözəl gün münasibətilə təbrik edərək, Los
Anceles Vilayətinin Nəzarətçilər Şurası tərəfindən qəbul edilmiş
bəyannaməni təqdim edib.

Tədbirdə, həmçinin Baş Konsulluğun Müstəqillik Günü ilə bağlı
hazırladığı qısa film və milli geyimlərimiz nümayiş etdirilib, xalq
mahnıları ifa edilib və Ləman Musayevanın ifasında Azərbaycan xalq
rəqsləri təqdim olunub. Qonaqlar, Azərbaycan mətbəxinin ləziz
təamları və şirniyyatları, həmçinin müxtəlif nəşrlərlə tanış
olublar. Tədbir böyük maraqla qarşılanıb.

Tədbirin qısa videosunu bu linkdə izləmək mümkündür: https://youtu.be/USiZfymCesQ

Teqlər: