Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisi davam etdirilir (FOTO)

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası
istiqamətində əsas prioritetlərdən biri yol infrastrukturunun
bərpasıdır.

Bu barədə AzerTimes-a Azərbaycan Avtomobil Yolları Dövlət
Agentliyindən (AAYDA) bildirilib.

Məlumatda qeyd olunub ki, bu çərçivədə Qarabağ və Şərqi Zəngəzur
iqtisadi rayonları ərazisində dövlət başçısının tapşırığı ilə icra
olunan yol infrastrukturu layihələrindən biri də Laçın şəhərinə
daxil olmadan yeni avtomobil yolunun tikintisidir: “Qarabağ və
Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində bütün avtomobil
yolları iri yaşayış məntəqələrindən kənar keçməklə
layihələndirilir. Bu isə həmin yaşayış məntəqələrində yaşayacaq
əhalinin, həm də yoldan istifadə edəcək vətəndaşların rahatlığı
baxımından önəmli aspektlərdən biridir. Laçın şəhərinə daxil
olmadan yeni avtomobil yolunun inşası da məhz bunlar nəzərə
alınaraq aparılır. Yeni avtomobil yolunun uzunluğu 32 km təşkil
edir. 2 hərəkət zolaqlı olacaq yolun layihə üzrə hərəkət hissəsinin
eni 7 metr, torpaq yatağının eni 12 metr, çiyin hissələrin eni isə
2×2.5 (5 m) metr təşkil edəcək”.

Hazırda yolboyu genişmiqyaslı tikinti işlərinin aparıldığı
vurğulanıb: “Layihəyə uyğun olaraq torpaq yatağının tikintisi, süni
qurğuların inşası işləri görülür. “İnşaat Norma və Standartları”na
uyğun olaraq yararsız qrunt, həmçinin torpaq yatağının
genişləndirilməsi üçün bitki qatının qazılaraq çıxarılması işləri
görülür, xüsusi texnikalardan istifadə olunmaqla yolun
genişləndirilərək profilə salınması və yeni torpaq yatağının inşası
həyata keçirilir.

Çətin relyefə malik olan ərazidən keçən yol boyunca layihəyə
uyğun suların ötürülməsini təmin etmək məqsədilə dairəvi borular və
müxtəlif süni qurğuların tikintisi də icra olunur. Bu çərçivədə
yolun 22-ci km-də inşa edilən və uzunluğu 139.5 metr olan 4
aşırımlı körpüdə hazırda tikinti işləri son mərhələdə olmaqla icra
olunur.

Yeni avtomobil yolunun inşası tərtib olunmuş qrafikə uyğun və
texnoloji ardıcıllığa riayət olunmaqla AAYDA-nın rəhbərliyinin
nəzarəti altında həyata keçirilir.

Tikinti işlərinin cari il ərzində yekunlaşdırılması üçün əraziyə
lazımi sayda qüvvə cəlb olunub”.

Teqlər: