Külli miqdarda narkotikin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb (FOTO)

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi,
qaçaqmalçılıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı
mübarizə tədbirləri çərçivəsində son günlərdə Dövlət Sərhəd
Xidmətinin (DSX) “Horadiz” və “Göytəpə” sərhəd dəstələrinin
əməkdaşları tərəfindən ümumi çəkisi 106 kiloqram 495 qram narkotik
vasitəyə bənzər maddələrin və 4000 ədəd psixotrop tərkibli həblərin
qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan
Respublikasına keçirilməsinin qarşısı alınıb.

DSX-dən AzerTimes-a bildirilib ki, may ayının 12-də saat 00:30
radələrində “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində Füzuli
rayonunun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının
sahəsində xidmət aparan sərhəd naryadı tərəfindən dövlət sərhədinin
İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində
pozulmasına dəlalət edən əlamətlər aşkar edilmiş, sərhəd zastavası
dərhal “Silaha” komandası ilə qaldırılmış, ərazi qapadılmışdır.

Həyata keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri
nəticəsində sərhədboyu ərazidə kolluqların arasında gizlədilmiş 1
ədəd qara rəngli bağlamanın içərisində təxmini çəkisi 9 kiloqram
400 qram narkotik vasitə “marixuana”ya bənzər maddələr aşkar
olunaraq götürülüb.

May ayının 15-də saat 02:20 radələrində “Göytəpə” sərhəd
dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Abasallı kəndi
yaxınlığında yerləşən sərhəd zastavasının sahəsində xidmət aparan
sərhəd naryadı 4 nəfər naməlum şəxs tərəfindən İran İslam
Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət
sərhədinin pozulmasını müşahidə etmişdir.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış,
xidməti ərazi qapadılmış, sərhəd pozucularının təqibinə
başlanılmışdır. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək
havaya xəbərdarlıq atəşi açıldıqdan sonra qaçaqmalçılar əllərindəki
bağlamaları yerə ataraq relyefin mürəkkəb, ərazinin sıx kolluq
olmasından istifadə edərək geriyə İİR istiqamətinə qaçmışlar.
Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində 4 ədəd bağlamanın
içərisində ümumi çəkisi 79 kiloqram 595 qram narkotik vasitəyə (45
kq 580 qr “heroin”, 27 kq 940 qr “marixuana”, 3 kq 665 qr
“metamfetamin”, 2 kq 410 qr “tiryək”) bənzər maddələr və psixotrop
tərkibli 4000 ədəd “metadon-40” həbləri aşkar olunaraq
götürülmüşdür.
May ayının 17-də saat 01:40 radələrində “Göytəpə” sərhəd dəstəsinin
xidməti ərazisində Yardımlı rayonunun Alçabulaq kəndi yaxınlığında
yerləşən sərhəd zastavasının xidməti sahəsində 2 nəfər naməlum şəxs
tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası
istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən
aşkar olunmuşdur.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış,
xidməti ərazi qapadılmış, xidməti itlər cəlb edilməklə sərhəd
pozucularının axtarışı həyata keçirilmiş, hadisə yeri və yaxın
ərazilər nəzarətə götürülmüşdür.

Sərhəd naryadı tərəfindən “Dayan” əmrinin verilməsinə və havaya
xəbərdarlıq atəşi açılmasına baxmayaraq, cinayətkarlar əmrə tabe
olmayaraq silahlı müqa¬vimət göstərmiş və avtomat silahdan atəş
açaraq sərhədçilərin həyatına qəsdə cəhd etmişlər.

Sərhəd pozucularının təqibi zamanı sərhəd naryadı tərəfindən
“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan
Respublikası Qanununun tələblərinə uyğun olaraq silah tətbiq
olunmuş, qaçaqmalçılar əllərindəki bağlamaları yerə ataraq ərazinin
sıx meşəlik, dağlıq və hava şəraitinin qaranlıq olmasından istifadə
edərək geri İran ərazisinə qaçmışlar.

Ərazidə aparılmış axtarış tədbirləri zamanı qaçaqmalçılar
tərəfindən atılmış 3 ədəd bağlamanın içərisində ümumi çəkisi 17
kiloqram 500 qram narkotik vasitə “marixuana”ya bənzər maddələr, 1
ədəd atışa hazır vəziyyətdə olan AKM-74 markalı silah, 20 ədəd
patron, 1 ədəd gecəgörmə cihazı və 40 qutu “KENT” markalı siqaret
aşkar olunaraq götürülmüşdür.

Həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində hadisə
yerinə yaxın ərazidə 1 nəfər Azərbaycan vətəndaşı şübhəli şəxs
qismində saxlanılmış, hal-hazırda şəxsiyyəti müəyyənləşdirilir.

Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Teqlər: