Xəbər - Trend:
Türkiyənın cənubunda formalaşan siklonun tədricən şərqə doğru
hərəkət etməsi və dərinləşməsi müşahidə edilir.
Trend xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin
rəisi Umayra Tağıyeva bildirib.
“Hazırda siklonun maksimal inkişaf mərhələsinə çatması prossesi
davam edir. Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron
yarımadasında 25-30 m/s-dək güclənib”, – o qeyd edib.
Umayra Tağıyeva deyib ki, yaxın 2 gün ərzində ölkə ərazisində
qeyri-sabit, güclü küləkli hava şəraiti davam edəcək. Mayın 8-də
gündüz saatlarından küləyin sürətinin tədricən zəifləyəcəyi
gözlənilir.
“May ayının birinci ongünlüyünün sonunadək ölkə ərazisində
yağıntılı hava şəraitinin davam edəcəyi, şimşək çaxacağı,
fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan
xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq
ərazilərdə qar yağacağı ehtimalı var. Gözlənilən intensiv
yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ
çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir”, – o
qeyd edib.