Kosmik turistləri daşıyan Crew Dragon gəmisi Yerə qayıdıb

Kosmik turistlərdən ibarət ekipajı daşıyan SpaceX-in Crew Dragon
gəmisi iki həftədən çox müddətdən sonra bazar ertəsi Beynəlxalq
Kosmik Stansiyadan (BKS) Yerə qayıdıb.

Trend xəbər
verir ki, qayıdış “Axiom Space” şirkətinin saytında canlı yayımda
nümayiş etdirilib.

ABŞ-ın şərq sahili vaxtı ilə saat 13:00-da aparat atmosferin sıx
təbəqələrinə daxil olub, bir neçə dəqiqədən sonra onun əsas
paraşütləri buraxılıb. Daha sonra aparıcı Crew Dragon-un Atlantik
Okeana endiyini təsdiqləyib.

Missiya BKS-ə aprelin 8-də yola düşüb. Ekipaj üzvləri təxminən
10 gün orada qalmalı idilər, lakin Florida sahillərindəki
əlverişsiz hava şəraiti okeanda ekipajı götürməyə mane ola biləcəyi
səbəbindən qayıdış bir neçə dəfə təxirə salınmalı oldu. Bu səbəbdən
ekipaj kosmosda təxminən 15 sutka qalmalı oldu.