Dünya ölkələrinin hərbi xərcləri ilk dəfə 2 trilyon dolları ötüb

2021-ci ildə dünya ölkələrinin hərbi xərcləri tarixdə ilk dəfə
olaraq 2 trilyon dolları keçib.

Trend “Al
Jazeera” agentliyinə istinadla xəbər verir ki, bu barədə nüfuzlu
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (Stockholm
International Peace Research Institute – SIPRI) bazar ertəsi dərc
etdiyi hesabatda deyilir.

Qeyd olunur ki, dünya ölkələri üzrə hərbi xərclərin böyük
hissəsi beş ölkə – ABŞ, Çin, Hindistan, Böyük Britaniya və
Rusiyanın payına düşüb. Bu ölkələrin hərbi xərcləri ümumi
göstəricinin 62 faizini təşkil edib.

“2021-ci ildə hərbi xərclər artaraq 2,1 trilyon dollara çatıb.
Bu, indiyədək qeydə aldığımız ən yüksək rəqəmdir”, – SIPRI-nin baş
tədqiqatçısı Dieqo Lopes da Silva qeyd edib.

Təşkilat vurğulayır ki, qlobal COVID pandemiyasından qaynaqlanan
iqtisadi tənəzzülə baxmayaraq, dünya ölkələri öz arsenallarını
artırıb və ötən il qlobal hərbi xərclər 0,7 faiz artıb.