Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi və
tibbi-sosial reabilitasiyası sahəsində mütərəqqi addımlar
atılmaqdadır. Lakin bəzi mövcud problemlər də aradan
qaldırılmalıdır.
AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Könül
Nurullayeva parlamentin plenar iclasda çıxışı zamanı deyib.
O bildirib ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”
Qanunda əlillərin dövlət hesabına peşə təhsili alması qeyd olunub.
“Qanunda həmçinin əlil şəxslərin ali məktəblərə ödənişli əsaslarla
daxil olduğu halda onların təhsil haqqının dövlət tərəfindən
ödənilməsi məsələsinin də öz əksini tapması yaxşı olardı. Eyni
zamanda inklüziv təhsil üzrə hüquqi baza yaradılmasına və mövcud
Dövlət Proqramının tətbiqi genişləndirilməsinə zərurət var”, – deyə
K.Nurullayeva bildirib.
Deputat qeyd edib ki, əlillərlə bağlı digər bir çətinlik yaradan
məsələ onların işlə təmin olunması və əlillərə uyğun iş yerlərinin
yaradılmasıdır.
“Əlillərin fərdi reabilitasiya proqramları olmalı, onların hansı
şəraitdə işləyə bilməsi müəyyən edilməlidir. Əlilliyi olan
şəxslərin tibbi təminatının qanunda nəzərdə tutulması çox humanist
addımdır. Lakin əlillər əlillik vəsiqəsini təqdim etməklə bütün
apteklərdən rəsmi resept əsasında təyin edilmiş dərmanları pulsuz
almaq imkanlarından məhrumdurlar. Bütün əczaxanalarda əlillərə
pulsuz dərman verilməsi təmin edilsə, onların bununla bağlı
çətinliklərini aradan qaldırar. Belə halda apteklərə təqdim olunan
əlillik vəsiqələrinin etibarlılığının yoxlanılması üçün əlillərin
dövlət reyestrinin elekton bazasına çıxış təmin edilə bilər.
Bununla da, əlillərə rəsmi resept əsasında verilmiş dərmanların
pulu dövlət hesabına ödənilə bilər”, – deyə o bildirib.
K.Nurullayeva hazırda ölkəmizdə əlilliyin müəyyən edilməsi və
rəsmiləşdirilməsi proseslərinin elektron sistemə keçirilməsinə də
toxunub. O bildirib ki, bununla belə, elektron qaydada müraciət
edən zaman hansısa xırda və texniki səhv nəticəsində əlil olan şəxs
rədd cavabı alır ki, bu da müəyyən problemlər yaradır: “Bu
problemin də aradan qaldırılması olduqca vacibdir. Həmçinin, hesab
edirəm ki, əlilliyin müəyyən edilməsi ilə bağlı göndərişlərin
verilməsi üçün xüsusi səyyar komissiyaların yaradılması da
məqsədəmüvafiq olardı”, – deyə K.Nurullayeva əlavə edib.
Deputat qanunda, həmçinin əlillərə şəhərlərarası və şəhərdaxili
ictimai nəqliyyatdan istifadə zamanı müəyyən güzəştlərin nəzərdə
tutulmasını va vacib hesab edir.
“DOST Mərkəzi tərəfindən əmək qabiliyyətli qohumları və ya
qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və
sosial xidmətə ehtiyacı olan əlilliyi olan şəxslərə evdə sosial
xidmətlər göstərilir. Bu çox təqdirəlayiq haldır” deyən
K.Nurullayeva hesab edir ki, bununla yanaşı, əlil şəxslərə baxan
ailə üzvlərinin müvəqqəti olaraq onların yanında olması mümkün
olmadığı hallarda əlillərə qayğı göstərmək üçün tam və ya yarım
günlük baxım mərkəzləri də yaradıla bilər. Həmin mərkəzlərdə
əlillər üçün sosial fəaliyyətlər də təşkil edilə bilər”, – deyə
deputat vurğulayıb.