Quş əti və yumurta istehsalçılarının iri ticarət şəbəkələri ilə bağlı şikayəti araşdırılır – Dövlət Xidməti (FOTO)

Antiinflyasiya tədbirləri çərçivəsində İqtisadiyyat Nazirliyi
yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində
“Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları
Assosiasiyası” İctimai Birliyinin üzvləri ilə görüş keçirilib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən
AzerTimes-a verilən məlumata görə, tədbirdə Dövlət Xidməti ilə
Assosiasiya arasında birgə tərəfdaşlıq istiqamətləri, dünya
bazarındakı davamlı bahalaşmanın quş əti və yumurtanın qiymətinə
təsiri müzakirə edilib. Assosiasiya üzvləri yerli istehsalçıların
bu məhsullara olan tələbatını tam ödəmək potensialında olduğuna
baxmayaraq qarşılaşdıqları müəyyən məsələlər barədə məlumat
veriblər. İstehsal zəncirində baş verə biləcək ləngimələrin əsas
səbəbi kimi iri pərakəndə ticarət şəbəkələrinin istehsalçılardan
aldıqları məhsulların dəyərini vaxtında ödəmədiklərini qeyd
ediblər.

Görüşdə Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli antiinflyasiya
tədbirləri çərçivəsində əhalinin ərzaq təhlükəsizliyini təmin etmək
üçün istehlak səbətinə daxil olan ərzaq məhsullarının xüsusi
diqqətdə saxlanıldığını vuruğulayıb. Bildirilib ki, iri ticarət
şəbəkələrinin sahibkarlara qarşı bu cür yanaşmasında ciddi qanun
pozuntusu əlamətləri müşahidə olunur və antiinflyasiya
tədbirlərinin həyata keçirilməsinə əngəl yaradır. Bununla əlaqədar
Dövlət Xidmətinə daxil olan müraciətlər əsasında sahəvi
araşdırmalar aparılır. Məsələnin birbaşa ərzaq təhlükəsizliyinə
təsir edə biləcəyini nəzərə alaraq, qanun pozuntusu aşkar olunduğu
təqdirdə bu təsərrüfat subyektləri barədə ciddi tədbirlər
görüləcəkdır.

Teqlər: