Könül Nurullayeva AŞPA-nın iclasında ermənilərin mina terroru və sərhəd təxribatlarından danışıb (VİDEO)

“BMT Təhlükəsizlik Şurasının təxminən 30 il əvvəl qəbul etdiyi
Azərbaycanın ərazilərinin işğaldan azad olunmasını nəzərdə tutan 4
qətnaməni 2020-ci ilin payızında Azərbaycan özü icra etdi. 44
günlük müharibə dövründə Azərbaycan beynəlxalq humanitar hüququn
təməl prinsiplərinə ciddi şəkildə riayət edib.”

Milli Məclisin deputatı Könül Nurullayeva AŞPA-nın sessiyasında
çıxışı zamanı bu fikirləri səsləndirib.

Deputat bildirib ki, 2-ci Qarabağ savaşı başa çatandan dərhal
sonra Azərbaycan Ermənistana sülh təklif etdi. Hazırda Brüssel sülh
gündəliyi formalaşıb və Azərbaycan qarşı tərəfə 5 prinsip təqdim
edib: “Belə ki, 2021-ci il dekabrın 14-də Brüsseldə, eyni zamanda
bu il fevralın 4-də videoformatda, aprelin 6-da Brüsseldə Avropa
İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan
və Ermənistan rəhbərləri arasında görüş baş tutdu. Aprel görüşündə
tərəflər sərhəd üzrə komissiyaların və eyni zamanda, sülh sazişi
üzrə işçi qrupların yaradılması barədə razılığa gəldi. Aprel
görüşündən əvvəl Azərbaycan iki dövlət arasında münasibətlərin
normallaşması üçün beş baza prinsipini qarşı tərəfə təqdim edib. Bu
prinsiplər dövlətlərin bir-birlərinin ərazi bütövlüyünü tanıması,
bir-birlərinə qarşı ərazi iddialarının olmamasına dair hüquqi
öhdəliyin götürülməsi, bir-birlərinin təhlükəsizliyinə hədə
törətməkdən çəkinmək, sərhədlərin delimitasiyası və demarkasiyası,
diplomatik münasibətlərin qurulması, eləcə də nəqliyyat və
kommunikasiyaların açılışını nəzərdə tutur.

Yəni, Azərbaycanın təklif etdiyi prinsiplər istənilən ölkələr
arasında dövlətlərarası münasibətlərin təməl prinsipləridir.”

K.Nurullayeva qeyd edib ki, Brüssel görüşünün nəticələrinə uyğun
olaraq Azərbaycan tərəfi sərhədlərin delimitasiyası və
demarkasiyası üzrə komissiyanın və iki ölkə arasında sülh
müqaviləsinin hazırlanması üzrə nümayəndə heyətinin tərkibini də
artıq müəyyən edib. Azərbaycan qarşı tərəflə “Bakı-Yerevan”
formatında danışıqlara hazırdır: “Biz Ermənistandan da real
addımlar gözləyirik. Amma təəssüf ki, bu razılaşmalara baxmayaraq,
Ermənistan sərhəddə təxribatlar törədərək, sülhə mane olan addımlar
atır.”

Deputat həmçinin humanitar məsələlərin həllinin də vacibliyini
qeyd edib. Diqqəti mina terroruna və 1-ci Qarabağ müharibəsi zamanı
itkin düşmüş azərbaycanlıların taleyinə yönəldib: “Bölgədə
dayanıqlı sülhü şərtləndirən amillərdən biri də humanitar
məsələlərin həllidir. İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan
ermənilərin basdırdığı minalardan ciddi şəkildə əziyyət çəkir. Son
ilyarımda əksəriyyəti mülki insanlar, hətta media nümayəndələri
olmaqla 200-dən çox azərbaycanlı minaların qurbanı olub. Eyni
zamanda birinci Ermənistan-Azərbaycan müharibəsindən etibarən itkin
düşmüş hesab olunan 4000 nəfərə yaxın azərbaycanlının taleyinə də
aydınlıq gətirilməlidir. “

Deputat beynəlxalq təşkilatların sülh prosesinə töhfə verməsini
vacin hesab edib:

“Beynəlxalq təşkilatlar Azərbaycan və Ermənistan arasında etimad
quruculuğu prosesinə töhfə verə biləcək bir platforma rolunu
oynamalıdır. Bu, bölgədə dayanıqlı sülhün və əməkdaşlığın
möhkəmlənməsi, insanların rifahını təmin etmək üçün vacibdir.”

Teqlər: