AMEA-nın Ümumi yığıncağı keçirilib (FOTO)

Aprelin 27-də Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi
yığıncağı keçirilib.

Akademiyadan AzerTimes-a verilən
məlumata görə, tədbirdə AMEA-nın prezidenti v.i.e., akademik Arif
Həşimovun giriş nitqi dinlənilib. Ümumi yığıncağın ölkəmizdə
fundamental və tətbiqi tədqiqatların əsas mərkəzi olan Milli Elmlər
Akademiyasının 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə
bağlı hesabata həsr olunduğunu deyən akademik ötən ilin
respublikamızın sosial-iqtisadi və mədəni-mənəvi inkişafında bir
sıra uğurlarla yadda qaldığını söyləyib.

Onlardan bir neçə mühüm hadisəni qeyd edən akademik Arif Həşimov
Nizami Gəncəvinin 880 illiyi ilə bağlı silsilə tədbirlərin,
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə düşmən üzərində tarixi Zəfərin bir illiyinin
təntənəli şəkildə qeyd edilməsinin, ölkənin ictimai-siyasi və
mədəni həyatında xüsusi hadisələrə çevrilən cənab Prezidentin
işğaldan azad olunmuş ərazilərə çoxsaylı səfərləri və bu
səfərlərdəki dərin məzmunlu çıxışlarının, Şuşada möhtəşəm
“Xarıbülbül” festivalı və Vaqif poeziya günlərinin keçirilməsinin
bu qəbildən olduğunu bildirib. Həmçinin işğaldan azad edilmiş
ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinin, xüsusən
Füzuli Beynəlxalq Hava Limanının istifadəyə verilməsinin, Zəfərin
möhkəmlənməsinin, Azərbaycanın regionda və dünyada nüfuzunun
gücləndirilməsi istiqamətində həyata keçirilən çoxsaylı siyasi və
diplomatik təşəbbüslərin, dost, qardaş Türkiyə ilə “Şuşa
Bəyannaməsi”nin imzalanmasının, cənab Prezident İlham Əliyevin Türk
Dünyasının Ali Ordeni ilə təltif edilməsinin mühüm tarixi anlar
olduğunu vurğulayıb.

“Bütün bunlar ötən ilin ümumi mənzərəsini yaradan və
Azərbaycanın strateji inkişaf xəttinin əsas istiqamətlərinə nişan
verən hadisələrin az bir qismidir. Beləliklə, tarixi Zəfərdən sonra
dünyada və regionda nüfuzu olduqca güclənmiş Azərbaycan öz
inkişafının yeni mərhələsinə qədəm qoymuşdur”, – deyə akademik Arif
Həşimov söyləyib.

Natiq ölkədə baş verən ümumi inkişaf proseslərinə adekvat olaraq
2021-ci ilin elm sahəsində də bir sıra hadisələrlə yadda qaldığını,
respublikanın elmi müəssisələrində çalışan alimlərin fundamental və
tətbiqi tədqiqatlarını davam etdirdiyini, elmi və elmi-təşkilati
fəaliyyət sahələrində bir sıra mühüm nəticələr, uğurlar əldə
etdiklərini diqqətə çatdırıb. Bildirib ki, bu il Ümumi yığıncağın
formatına müəyyən dəyişiklik edilib, əvvəlki illərdən fərqli
olaraq, hesabatlar Akademiyanın akademik-katibi tərəfindən deyil,
bölmələrə rəhbərlik edən vitse-prezidentlər tərəfindən təqdim
olunacaq. O, dəyişikliyin əsas məqsədinin Akademiyanın əsas aparıcı
strukturu olan bölmələrin müxtəlif elmi istiqamətlər üzrə həyata
keçirdikləri elmi-tədqiqatları və təşkilati işləri daha müfəssəl
təqdim etmək, daha səmərəli müzakirələr keçirmək olduğunu
deyib.

Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2018-ci il tarixli
Sərəncamına əsasən Elmlər Akademiyasının təsis edildiyi 27 mart
tarixinin respublikada “Elm günü” olaraq müəyyən edildiyini
xatırladan AMEA rəhbəri son illər koronavirus pandemiyasının
yaratdığı məhdudiyyətlərə görə, “Elm günü”nün lazımi səviyyədə qeyd
edilməsinin mümkün olmadığını söyləyib: “Bu il pandemiya ilə bağlı
karantin rejimi şərtləri yumşaldığı üçün AMEA-nın elmi bölmələri,
müəssisə və təşkilatları tərəfindən təqdim olunan təkliflər
əsasında “Elm günü”nə həsr olunmuş Tədbirlər planı hazırlanıb. Bu
tədbirlər elmi fəaliyyətin cəmiyyətdə nüfuzunun gücləndirilməsi,
elmin populyarlaşdırılması, alimlərin əməyinin qiymətləndirilməsi,
onların yeni elmi nailiyyət və uğurlara təşviq edilməsi və s.
istiqamətləri əhatə edir”.

Akademik Arif Həşimov “Elm günü” ilə bağlı tədbirlərin zirvə
toplantısının Ümumi yığıncaqla bir gündə qeyd edilməsinin qərara
alındığını, yığıncaq çərçivəsində bir sıra tədbirlərin, o cümlədən
aprelin 29-dək fəaliyyət göstərəcək Akademiyanın nailiyyətləri
sərgisinin təşkil olunduğunu diqqətə çatdırıb.

Akademik Arif Həşimovun giriş nitqindən sonra AMEA-nın elmi
bölmələrinin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə
bağlı hesabatları dinlənilib.

Teqlər: