Kolbasa və sosiska məhsullarının istehsalı müəssisəsində nöqsanlar aşkar olunub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının
müdafiəsi sahəsində tədbirləri davam etdirir.

AQTA-dan AzerTimes-a verilən məlumata görə, Agentlik əməkdaşları
tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, M. Əliyev
küçəsi 24/10, məhəllə 526/3 ünvanında fəaliyyət göstərən, “Delikat”
MMC-yə məxsus kolbasa və sosiska məhsullarının istehsalı
müəssisəsində aparılmış planlı yoxlama zamanı qida təhlükəsizliyi
sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi
aşkar olunub. Belə ki, müəssisədə sanitar-texniki və
sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, texnoloji
ardıcıllığa və mal qonşuluğu prinsipinə riayət olunmadığı, anbar
sahəsində havalandırma sisteminin quraşdırılmadığı, məhsulların
markalanmasında istifadə olunan etiket məlumatlarının reseptura ilə
uyğunsuzluq təşkil etdiyi, həmçinin dezinfeksiya, dezinseksiya,
deratizasiya işlərinin aparılmadığı və digər nöqsanlar müəyyən
edilib. Aşkar olunmuş pozuntularla bağlı müəssisə rəhbərliyi
inzibati məsuliyyətə cəlb edilib. Müayinələrin aparılması üçün
istehsal olunmuş məhsullardan nümunələr götürülərək Azərbaycan Qida
Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim
edilib. Araşdırmalar davam edir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida
məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam
etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz
halların qarşısının alınması istiqamətində müvafiq addımlar
atır.

Teqlər: