ADU-da 28 May – Müstəqillik Günü qeyd olunub (FOTO)

Mayın 26-da Azərbaycan Dillər Universitetində 28 May –
Müstəqillik Günü ilə bağlı tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib,
Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda
şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla bildirib ki, 1918-ci il
mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin
həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad,
demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan
Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli
mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə
qadir olduğunu nümayiş etdirdi.

Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü
çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Mövcudluğunun ilk
günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi
prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə
vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi
bərabərsizliyi ortadan qaldırdı.

Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı,
professor İbrahim Kazımbəyli qeyd edib ki, Azərbaycan Xalq
Cümhuriyyətinin xalqımızın dövlətçilik və ictimai-siyasi fikir
tarixində rolu misilsizdir. Cəmi 23 ay yaşamasına baxmayaraq,
Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı
müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə
qadirdir.

ADU-nun Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti
Namiq Kərimov məruzə ilə çıxış edib. Qeyd olunub ki, Şərqdə ilk
dəfə olaraq, demokratik, dünyəvi dəyərlərə əsaslanan müstəqil
respublikanın yarandığı bütün dünyaya bəyan edilmişdir. Azərbaycan
Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni
bir mərhələ, tarixi hadisə oldu.

Regionşünaslıq kafedrasının müəllimi Lamiyə Namazova Qafqaz
İslam Ordusunun AXC-nin ərazi bütövlüyü uğrunda apardığı mübarizə
tarixinə nəzər salıb. Gəncədə hökümətin qurulması və Bakının azad
edilməsindən söhbət açılıb.

Fəlsəfə və ictimai elmlər kafedrasının dosenti Sevda Məhərrəmova
AXC-nin maliyyə-pul siyasəti kontekstində çıxış edib.

Fəlsəfə və ictimai elmlər kafedrasının dosenti Şəfəq Abdullayeva
Azərbaycan-Gürcüstan ərazi mübahisələrinin həllində iqtisadi
faktorlara toxunub. Söylənilib ki, bu faktorlar qarşılıqlı iqtisadi
əməkdaşlıq və sülhə nail olma istiqamətində ön plana çıxmışdır.

Teqlər: