Kolbasa və sosiska məhsullarının istehsalı müəssisəsində bir sıra nöqsanlar aşkar olunub

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin
sağlamlığının qorunması istiqamətində nəzarət tədbirlərini davam
etdirir.

AQTA-dan Trend-ə verilən məlumata görə, Agentlik
əməkdaşları tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi,
Sabir küçəsi, ev 8A ünvanında fəaliyyət göstərən, “Al-Sana” MMC-yə
məxsus kolbasa və sosiska məhsullarının istehsalı müəssisəsində
keçirilmiş planlı yoxlama zamanı bir sıra nöqsanlar aşkar edilib.
Belə ki, xammalların saxlandığı soyuducu və dondurucu anbarın,
dəhlizin döşəməsinin tamlığının pozulduğu, istehsal edilmiş
məhsulların üzərindəki etiketlərdə kərə yağı və qoyun əti qeyd
edilsə də, istehsal zamanı bitki və bitki spred yağından istifadə
edildiyi məlum olub. Eyni zamanda müəssisədə qoyun əti aşkar
olunmayıb, qoyun ətinin alınmasını təsdiq edən sənədlər və minimum
keyfiyyət və təhlükəsizliyini təsdiq edən müvafiq müşayiətedici
sənədlər təqdim olunmayıb. Müəssisənin hazır məhsul anbarına
keçirilən baxış zamanı məhsulların müəyyən qisminin üzərində
məhsulun istehsal və son istifadə tarixlərinin qeyd edilmədiyi,
bəzilərində isə taraların üzərində yazılmış tarixlə məhsulun
üzərində qeyd edilmiş tarix arasında uyğunsuzluq müəyyən edilib.
Müayinələrin aparılması üçün müəssisədə istehsal edilmiş bişmiş,
bişmiş hisə verilmiş, yarım hisə verilmiş kolbasa məhsullarından və
sosiskalardan nümünələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi
İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Müəssisədə
istehsal olunan hazır məhsullardan götürülmüş sınaq nümunəsinin
laborator müayinəsi nəticəsində uyğunsuzluqlar aşkar edilib.
Araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida
məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam
etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz
halların qarşısının alınması istiqamətində müvafiq addımlar
atır.

Teqlər: