KOBİA Brüsseldə Avropa İttifaqının qurumları ilə görüşlər keçirib (FOTO)

Avropa İttifaqı ölkələrinin mikro, kiçik və orta sahibkarlıq
sahəsində təcrübəsinin öyrənilməsi, KOB sahəsində müvafiq
təşkilatlarla əlaqələrin genişləndirilməsi məqsədilə Kiçik və Orta
Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri Belçikada
səfərdədir.

Agentlikdən AzerTimes-a verilən
məlumata görə, səfər çərçivəsində Brüsseldə KOBİA-nın İdarə
Heyətinin sədri Orxan Məmmədov və “Biznes Avropa” təşkilatının
direktor müavini xanım Luisa Santos arasında görüş keçirilib.

Görüşdə KOBİA-nın sahibkarlığın inkişafı ilə bağlı Avropa
İttifaqı tərəfindən maliyyələşdirilən bir sıra layihələrin
benefisiarı olduğu və layihələrin uğurla başa çatdığı qeyd olunub.
Vurğulanıb ki, Avropa İttifaqının dəstəyi ilə hazırlanmış
“Azərbaycanda biznes mühiti – 2021” hesabatında Avropa
şirkətlərinin davam edən yerli islahatlara və qurumların
fəaliyyətinin qiymətləndirilməsi sorğusuna əsasən KOBİA ilk
beşlikdə yer alıb.

Görüşdə Azərbaycan və təşkilata üzv KOB-lar arasında birbaşa
əlaqələrin qurulması üçün onların şəbəkələşməsinə, biznes
missiyaların təşkilinə, birgə müəssisələrin yaradılması
imkanlarına, qarşılıqlı sürətdə ixracın təşviqinə, investisiya
layihələri haqqında məlumat mübadiləsinə və birgə tədbirlərin
təşkilinə dair fikir mübadiləsi aparılıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun
“EUROCHAMBRES”in baş direktoru Ben Butters və “EU4Business”
təşkilatının nümayəndələri ilə görüşündə birgə layihələrin həyata
keçirilməsinə maliyyə və texniki dəstəyin göstərilməsi, qurumun
“yaşıl iqtisadiyyat” və KOB-ların rəqəmsallaşması ilə bağlı
layihələrində iştirak imkanları, gənclərin və qadınların
sahibkarlıq fəaliyyətinə təşviqi, startaplarla bağlı layihələr
çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər
müzakirə edilib.

“SME United Crafts and SMEs in Europe” təşkilatının Baş katibi
xanım Veronika Vilyams arasında keçirilmiş görüşdə isə təşkilat
üzvlərinin ölkəmizə biznes missiyasının təşkili, KOB-ların iştirakı
ilə birgə müəssisələrin yaradılması, qarşılıqlı ticarətin təşviqi
və birgə tədbirlərin təşkilinə dair fikir mübadiləsi aparılıb.

Teqlər: