KOB-ların satış bazarlarına çıxış imkanları dəstəklənir (FOTO)

Bu gün Bakı Ekspo Mərkəzində öz işinə başlamış 15-ci Azərbaycan
Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro”) və 27-ci Azərbaycan
Beynəlxalq Qida Sənayesi (“InterFood Azerbaijan”) sərgilərində
mikro və kiçik sahibkarlar da məhsul və xidmətlərini təqdim
edirlər.

KOBİA-dan AzerTimes-a verilən məlumata görə, Azərbaycan
Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin
(KOBİA) dəstəyi ilə yaradılmış xüsusi stenddə 12 mikro, kiçik və
orta sahibkarlıq subyektinin meyvə və tərəvəz, çörək və un
məmulatları, qurudulmuş meyvələr və çipslər, təbii otlar və
ədviyyatlar, göbələk, bal, zəfəran, souslar, süd və süd məhsulları,
meyvə şirələri, gübrələr və s. məhsulları sərgilənir. Bakı,
Abşeron, Gəncə, Qazax və Göyçayı təmsil edən KOB-lar onlar üçün
ayrılmış xüsusi stenddə məhsul və xidmətlərini təqdim etməklə
yanaşı, satış imkanlarını genişləndirmək və yeni biznes əlaqələri
qurmaq üçün müxtəlif işgüzar görüşlər keçirirlər.

Həmçinin KOBİA-nın stendində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı
Təşkilatının (FAO) həyata keçirdiyi layihə çərçivəsində Balakən,
Zaqatala və Qax rayonlarından olan 23 sahibkarlıq subyektini əhatə
edən “Yurdumun ləzzəti” brendi altında istehsal olunan məhsullar
sərgilənir.

KOBİA həmçinin “Caspian Agro” və “InterFood Azerbaijan”
sərgilərinə dəstək göstərən qurumlar sırasındadır.

Teqlər: