Kiber İdman üzrə Avropa çempionatı çərçivəsində “Tekken7” yarışına start verildi (FOTO)

Avropanın ən güclü 17 kiber atleti “Tekken7” yarışmasının
final mərhələsinə vəsiqə qazanıb

Türkiyə Teknoloji Takımı Vakfı (T3 Vakfı), Azərbaycan
Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) və
Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin birgə
təşkilatçılığı ilə 26 – 29 mayda Bakıda ilk dəfə olaraq keçirilən
“TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı
çərçivəsində Kiber İdman üzrə Avropa çempionatının “Tekken7”
yarışlarına start verilib.

RİNN-dən AzerTimes-a bildirilib ki, “Tekken7” üzrə Azərbaycan,
Türkiyə, Fransa, Gürcüstan, Macarıstan, İsrail, İtaliya, Şimali
Makedoniya, Monako, Monteneqro, Polşa, Serbiya, Slovakiya,
İspaniya, Uels, Malta və İsveçdən ümumilikdə 17 iştirakçı
mübarizəyə başlayıb.

27 mayda “Bakı Kristal Zalı”nda start götürən çempionatın
qalibləri 28 may tarixində bəlli olacaq.

Qeyd edək ki, çempionatın təşkilatçısı Avropa və Azərbaycan
Kiber İdman Federasiyalarıdır. Bununla yanaşı, Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyi beynəlxalq turnirə təşkilati və maliyyə dəstəyi
göstərir.

Bakıda “Teknofest” festivalı Türkiyənin Sənaye və
Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3
Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyinin tərəfdaşlığı ilə keçirilir. Eyni zamanda Bakıda
“Teknofest” in “prodakşn” ofisi fəaliyyət göstərir. Ofisin tam
heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

Qeyd edək ki, “Teknofest” mayın 29-a qədər davam edəcək.

Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye
və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi
Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı
və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl
şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il
keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat
kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın
təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar
vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə
çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə
təqdim olunmasıdır.

Trend İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World “Teknofest 2022” aerokosmik və
texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

Teqlər: