Kəmaləddin Heydərov “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğınla bağlı iclas keçirdi (FOTO)

29 aprel 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyində
nazir general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi altında
operativ iclas keçirilib. İclasda nazir müavinləri və müvafiq
struktur bölmələrin rəhbərləri iştirak edib.

FHN Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda,
əvvəlcə, nazir Kəmaləddin Heydərov Sumqayıt şəhərinin Hacı
Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın
ərazisində baş vermiş yanğının söndürülməsi zamanı göstərdikləri
fədakarlığa görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin və
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Fövqəladə Hallar
Nazirliyinin əməkdaşlarına təşəkkürlərini çatdırıb.

İclasda “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğının
ehtimal olunan başvermə səbəbləri müzakirə olunub, aidiyyəti
strukturların rəhbərlərinin məruzələri dinlənilib. Nazir yanğınla
bağlı yaradılmış istintaq qrupu tərəfindən hadisənin səbəblərinin
hərtərəfli və obyektiv araşdırılması üçün aidiyyəti üzrə müvafiq
tapşırıqlar verib.

Həmçinin, bundan əvvəl keçirilmiş iclaslarda verilmiş
tapşırıqların davamı olaraq, Fövqəladə Hallar Nazirliyinin
səlahiyyətlərini tənzimləyən normativ-hüquqi aktlarda müvafiq
dəyişikliklərin edilməsi ilə bağlı layihələrin hazırlanması
istiqamətində görülən işlərə toxunulub, tapşırıqlar verilib.

Teqlər: