Keçmiş məcburi köçkünlər üçün nəzərdə tutulmuş binaların satışa çıxarılması əmlak bazarına müsbət təsir edəcək – Ekspert

Keçmiş məcburi köçkünlər üçün nəzərdə tutulmuş binaların satışa
çıxarılması əmlak bazarında qiymətlərin stabilləşməsinə gətirib
çıxaracaq.

Bunu Trend-ə açıqlamasında əmlak eksperti Elnur
Fərzəliyev deyib.

Onun sözlərinə görə, yeni addım aztəminatlı ailələrin bu
binalardan mənzil almasını əlçatan edəcək:

“Belə ki, dövlət sifarişi ilə tikilən binalarda ümumi xərclər az
olduğuna, torpaq sahələri dövlət tərəfindən ayrıldığına görə həmin
binalarda mənzillərin maya və bazar dəyəri digər mənzillərdən daha
ucuzdur. Buna görə həmin mənzillər daha aşağı qiymətə təklif
olunacaq. Bakı, Abşeron və digər bölgələrdə belə mənzillərin satışa
çıxarılması aztəminatlı ailələrin büdcəsinə uyğun olacaq”, –
E.Fərzəliyev deyib.

Qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikasının
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillərin
satışı və satışdan əldə olunan vəsaitdən istifadə Qaydası”nın
təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin
İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında Bakı şəhəri
Sabunçu rayonunun Ramana qəsəbəsində, Qaradağ rayonunun Ümid
qəsəbəsində, Binəqədi rayonunun Хocəsən qəsəbəsində, Abşeron,
Lənkəran və Samux rayonlarında inşa edilmiş çoxmənzilli binalarda,
həmçinin Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və
Abşeron rayonunda inşası davam etdirilən çoxmənzilli binalarda
yerləşən mənzillərin satışı qaydası müəyyən edilib.

Teqlər: