IX siniflər üçün buraxılış imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi 23 və 24 aprel tarixlərində keçiriləcək
buraxılış imtahanlarında iştirak edən şagirdlərə müraciət edib.

DİM-dən Trend-ə verilən məlumata görə, aprelin 23-də
Bakı şəhərinin Qaradağ, Yasamal rayonlarında, Ağdaş, Ağsu,
Beyləqan, Cəlilabad (I hissə), Hacıqabul, Goranboy, Qobustan,
Tovuz, Xaçmaz (I hissə) rayonlarında, Naftalan, Şirvan və
Sumqayıt (II hissə) şəhərlərində, aprelin 24-də isə Bakı
şəhərinin Xətai, Xəzər rayonlarında, Abşeron (II hissə), Füzuli, Quba (I hissə), Masallı (I hissə), Neftçala, Şəmkir, Ucar, Zərdab
rayonlarında və Mingəçevir şəhərində Dövlət İmtahan Mərkəzi
tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış
imtahanları keçiriləcək.

Sumqayıt, Abşeron, Cəlilabad, Xaçmaz, Quba və Masallıda yerləşən
məktəblərin şagirdlərinin imtahanı 2 imtahan gününə bölünüb. Bu hal
yuxarıda müvafiq olaraq, “hissə”lərlə adlandırılıb və hiperlink
qoyulub. Linkin üzərinə basdıqda qeyd olunan tarixdə hansı
məktəblərin şagirdlərinin imtahan verməsi haqqında məlumat
açılır.

Buraxılış imtahanında iştirak edəcək şagirdlər https://eservices.dim.gov.az/sagirdbv/
linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini,
təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış
vərəqələrini çap edə bilərlər.

Şagirdlər iş nömrəsini buradan öyrənə bilərlər.

Şagirdlər buraxılış vərəqəsi ilə bir yerdə “İmtahan
iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edirlər.
Bəyannamə ayrıca vərəqdə çap edilməlidir və imtahan günü şagird
tərəfindən imzalanmaqla imtahan nəzarətçisinə təqdim
edilməlidir.

Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader
proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən
qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli
olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi
tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

Qeyd edək ki, şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə
uyğun rayonda (şəhərdə) imtahan verirlər. Məcburi köçkün
rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri
təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə
uyğun tarixdə imtahan verirlər.

Teqlər: