IV siniflərdə monitorinq keçiriləcək

İyunun 7-də Təhsil Nazirliyi ölkə üzrə bütün dövlət ümumi təhsil
müəssisələrinin 4-cü siniflərində monitorinq keçirəcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, monitorinq
tədris dili və riyaziyyat fənləri üzrə aparılacaq.

Şagird nailiyyətlərinin yaxşılaşdırılması, IV sinfin sonunda
şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı
səviyyədə formalaşdığının müəyyən edilməsi və ibtidai təhsil
səviyyəsində keyfiyyətin artırılması istiqamətində tədbirlərin
görülməsi monitorinqin əsas məqsədlərindəndir.

Monitorinqdə şagirdlərə təqdim olunacaq tapşırıqlar tədris dili
fənnindən oxu və dil qaydaları məzmun xətlərini, riyaziyyat
fənnindən isə ədədlər və əməllər, cəbr və funksiyalar, həndəsə,
ölçmə, statistika və ehtimal məzmun xətlərini əhatə edəcək.
Təhsilalanlara tədris dili fənni üzrə 30 qapalı sual, riyaziyyat
fənni üzrə isə 27 qapalı və 3 açıq sual təqdim olunacaq.
Monitorinqin müddəti 120 dəqiqədir.

IV siniflər üzrə bütün təhsilalanların monitorinqdə iştirakı
mütləqdir. Yalnız üzrlü səbəblər (xəstəlik (tibbi arayış təqdim
edildikdə), bədbəxt və fövqəladə hadisə) olduğu təqdirdə
təhsilalanlar monitorinqdə iştirak etməyə bilərlər.

Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ
qiymətləndirmə nəticələrinə, eyni zamanda sinifdən sinfə
keçmələrinə təsir göstərmir.

Monitorinqin nəticələri cari ildə IV sinfi bitirəcək
təhsilalanların tədris dili və riyaziyyat fənlərindən ölkə üzrə
reytinq göstəricisini müəyyən etməyə, həmçinin bu fənlər üzrə həmin
şagirdlərin hazırlıq vəziyyətini öz yaşıdları ilə müqayisə etməyə
imkan yaradacaq.

Teqlər: