İTV Avroviziyadakı səsvermə ilə bağlı məlumat yayıb

İTV “Avroviziya-2022”dəki səsvermə ilə bağlı məlumat yayıb.

AzerTimes-ın məlumatına görə,
açıqlamada qeyd edilir ki, “Avroviziya-2022” mahnı müsabiqəsinin
final mərhələsi zamanı baş verənlər və ondan sonra verilmiş
qərarlar Azərbaycan İctimai Televiziya və Radio Yayımları
Şirkətində təəssüflə qarşılanıb.

“Bəyan edirik ki, biz müsabiqə təşkilatçılarına azərbaycanlı
münsiflərin səs verdiyi ölkələrin adlarını göndərmişdik. Həmin
siyahıya əsasən, 12 bal Ukraynaya verilmişdi. Yarışma
təşkilatçıları buna cavab olaraq, İctimai Televiziya və Radio
Yayımları Şirkətinin nümayəndələrindən final şousunun sonunda heç
bir səbəb gətirmədən israrla başqa nəticələrin açıqlanmasını
istəyiblər. Biz bu istəyi qətiyyətlə rədd etmişik. Dərhal
təşkilatçılara sorğu xarakterli rəsmi məktub göndərilib və canlı
yayımda onlardan alınan nəticələrin deyil, bizim jürinin səslərini
açıqlayacağımızı, bu məsələni isə ictimailəşdirəcəyimizi
bildirmişik. Yalnız bundan sonra bizə cümə axşamı keçirilən
yarımfinal mərhələsi zamanı 6 ölkənin, o cümlədən Azərbaycanın
səsləri ilə bağlı müəyyən “qəribəliyin” olduğu barədə məlumat
verildi. Qeyd edək ki, bu “qəribəlik”lə bağlı bizə cümə axşamından
şənbə günü finalın sonuna qədər heç bir məlumat verilməyib, hansısa
“sübutlar” indiyə qədər təqdim olunmayıb.

Yayım zamanı İctimai Televiziya və Radio Yayımları Şirkətinin
nümayəndəsi Azərbaycanda münsiflərin səsverməsinin nəticələrini
elan etməyə tam hazır olmasına baxmayaraq, yarış təşkilatçıları
Bakıya bağlanmayıb, bizim adımızdan öz nəticələrini elan ediblər.
Bu prosesin Bakıdan aparılmaması isə texniki problemlərlə
əlaqələndirilib.

Halbuki bizdə səslərin canlı yayımda elan olunması üçün heç bir
texniki problem yox idi. Bir daha vurğulayırıq ki, biz
təşkilatçılara İctimai Televiziyanın adından səsləri elan etməyə
heç bir hüquq verməmişik.

Biz bu məsələ ilə bağlı rəsmi cavab gözləyirik və ondan asılı
olaraq növbəti addımlar atmağı planlaşdırırıq. Ümid edirik ki,
yaranmış vəziyyət tezliklə ədalətin qorunması şərtilə
çözüləcək”.

Teqlər: