İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərin meyit qalıqlarının məhkəmə-tibbi müayinəsi ilə tanış olub (FOTO)

Ölkəmizdə rəsmi səfərdə olan İtkin düşmüş şəxslər üzrə
Beynəlxalq Komissiyanın (İCMP) baş direktoru xanım Katrin Bomberger
və İCMP-nin Siyasət və Əməkdaşlıq üzrə direktoru Andreas Kleyzer
aprelin 5-də Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və
Patoloji Anatomiya Birliyi”ndə (MTE və PA Birliyi) olublar.

“MTE və PA Birliyi”nin baş direktoru Ədalət Həsənov qonaqları
xüsusilə I Qarabağ müharibəsi zamanı itkin düşmüş minlərlə hərbi və
mülki vətəndaşlarımızın meyit qalıqlarının məhkəmə-tibbi müayinəsi
və eyniləşdirilməsi işində birlik əməkdaşlarının qarşısında duran
vəzifələr barədə məlumatlandırıb.

Bildirildi ki, işğaldan azad edilmiş ərazilərdə aşkar edilən
kütləvi məzarlıqlarda meyit qalıqlarının məhkəmə-tibbi maddi
sübutlar şəklində “MTE və PA Birliyi”nin müvafiq şöbələrində qəbulu
təşkil edilir. Eyni zamanda, prokurorluq orqanlarının qərarları
əsasında təqdim edilmiş meyit qalıqlarının məhkəmə-tibbi
ekspertizası (məhkəmə-tibbi kriminalistik) həyata keçirilir.

Ölkə rəhbərliyinin tapşırığı ilə aidiyyəti hüquq-mühafizə
orqanları ilə birlikdə I Qarabağ müharibəsi zamanı həlak olmuş və
tanınmadan respublikanın müxtəlif şəhər və rayonlarında dəfn
edilmiş naməlum şəhid məzarlarında da meyitlərin ekshumasiyası,
meyit qalıqlarının məhkəmə-tibbi müayinəsi və genetik müayinələrin
aparılması məqsədilə nümunələrin götürülməsi birlik əməkdaşları
tərəfindən icra edilməsi vurğulanıb.

Öz növbəsində Beynəlxalq Komissiyanın baş direktoru işğaldan
azad edilmiş ərazilərdə aşkar edilən Azərbaycan vətəndaşlarının
meyit qalıqlarının məhkəmə-tibbi müayinəsində görülən işləri yüksək
qiymətləndirib.

Daha sonra İCMP-nin rəhbərliyi “MTE və PA Birliyi”nin müvafiq
şöbələrində, o cümlədən də Səhiyyə Nazirliyi tərəfindən bu məqsədlə
xüsusi olaraq yeni yaradılmış II məhkəmə-tibbi kriminalistika
şöbəsində itkin düşmüş şəxslərə məxsus meyit qalıqlarının
məhkəmə-tibbi kriminalistik müayinəsi və saxlanılması şəraiti ilə
yaxından tanış olublar, tematik mövzular ətrafında geniş fikir
mübadiləsi aparılıb.

Teqlər: